18:10 19-03-2013
news_image
3928
DÖYÜŞ NÖVLƏRİ

Yığmamız Avropa çempionatına medalla başladı - YENİLƏNİB

Bu gün Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk yarış günündə sərbəst güləşdə 66 kq və 96 kq, qadın güləşində isə 48 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib. Hər 3 çəkidə Azərbaycan yığmasının üzvləri güclərini yoxlasalar da, onlardan yalnız Patimat Baqomedova mükafatçılar sırasında yer almağı bacarıb. Xanim idmançımız Avropa çempionatının ilk günündə yığmamıza bürünc medal qazandırıb.

Sərbəst güləş

Kişilər
66 kq

Bu çəkidə ölkəmizin idman şərəfini qoruyan Məhəmməd Müslümov yarışa təsnifat mərhələsindən başlayıb. Onun ilk görüşdə rəqibi italiyalı Angelo Kosta olub. İlk hissədə 4:0 hesabı ilə qələbə qazanan Məhəmməd ikinci hissədə daha üstün döyüş nümayiş etdirib və vaxtından əvvəl qalib (6:0, 49 saniyəyə) elan olunub.

O, 1/8 finalda polşalı Rafal Statkieviçlə qarşılaşıb. Məhəmməd yenə də asanlıqla mərhələ adlayıb. İlk hissəni 3 xal öndə (4:1) bitirən Müslümov ardınca 2:0 hesabı ilə qalib gəlib. Nəticədə 1/4 finala yüksələn güləşçimiz yarımfinala gedən yolda İlyas Bekbulatovla (Rusiya) qüvvəsini sınayıb.

Amma bu, Müslümov üçün son qarşılaşma olub. Düzdür, Məhmməd ilk hissədə 4:0 hesabı ilə qalib gəlib. Ardından isə onun “güləşini oxuyan” İlyas növbəti 2 hissədə üstün olaraq (1:0, 2:0), yarımfinala yüksəlib. Güləşçimizin çempionluq şansının heçə endirən Bekbulatov finala çıxa bilmədiyindən Müslümov vaxtından öncə yarışa əlvida deyib.

96 kq
3 qat Avropa çempionu Xetaq Qazyumov da ümidləri doğrultmayıb. Tiflisə qitə çempionatında 4-cü titulunu qazanmaq arzusu ilə yollanan idmançımız bunu reallaşdıra bilməyib. Belə ki, o birinci döyüşündə türkiyəli Muren Mutlu ilə üz-üzə gəlib. İlk hissədə rəqibinə heç bir şans verməyən güləşçimiz fasiləyə öndə yollanıb – 1:0.

İkinci hissə isə vaxtından əvvəl başa çatıb. Buna səbəb Qazyumov fənd tətbiq edərkən, Mutlunun zədələnməsi olub. Nəticədə Xetaq qalib elan olunaraq, 1/8 finala yüksəlib.

Onun bu mərhələdə rəqibi almaniyalı Vilyam Hart olub. Xetaq yenə də güclü olduğunu sübut edib. Hartı ilk hissədə 4:1 hesabı ilə məğlub edən dünya çempionumuz ikinci hissəni 3:0 hesabı ilə irəlidə bitirib.

Qazyumov 1/4 finalda Vladislav Baytsayevi (Rusiya) döyüşə dəvət edib. Gərgin keçən döyüşün ilk hissəsini rəqib aktivinə yazıb. Ardınca Xetaq hesabı bərabərləşdirsə də, həlledici hissədə məğlub olub.

Bundan sonra Baytsayev uduzduğundan, Qazyumov təsəlliverici görüşlərə qatılmaq hüququnu da itirib, yarışı medalsız başa vurub.

Qadınlar
48 kq

Qadın güləşçilərimiz arasında qüvvəsini sınayan ilk idmançımız Patimat Baqomedova olub. Kişi güləşçilərimizdən fərqli, xanım təmsilçimiz təsnifat mərhələsini tamaşaçı kimi izləyib və 1/8 finalda Emilya Alina Vuca (Rumıniya) qalib gələn Elitsa Atanasova Yankova (Bolqarıstan) ilə qarşılaşıb.

İlk hissənin əsas vaxtında güləşçilər xal qazanmadığından püşkə ehtiyac olub. Lakin püşk Yankovanı üzünə “gülsə” də, Baqomedova inamla müdafiə olunaraq, hissəni aktivinə yazıb.

Növbəti 2 dəqiqədə də Patimat rəqibinə çətin anlar yaşadıb. İnamla güləşən idmançımız bu dəfə 2:0 hesabı ilə qalib gələrək, 1/4 finala yüksəlib.

O, bu mərhələdə ukraynalı Mariya Livaçlə üz-üzə gəlib. Döyüş vaxtından əvvəl güləşçimizin qələbəsi ilə başa çatıb və Baqomedova medala daha bir addım da yaxınlaşıb.

Yarımfinalda Patimat Yana Stadniklə (Böyük Britaniya) mübarizə aparıb. Təəssüf ki, o bundan öncəki görüşlərdəki uğurunu təkrarlaya bilməyib və hər 2 hissədə uduzub – 0:1, 0:3.

Lakin Patimat bürünc medal uğrunda çıxışını davam etdirib. O, Anna Lukaşakla (Polşa) üz-üzə gəlib. Hər 2 hissədə rəqibinə qalib gələn güləşçimiz Avropa çempionatını üçüncü yerdə başa vurub.