19:17 20-03-2013
news_image
3967
DÖYÜŞ NÖVLƏRİ

Yaşar Əliyev Avropa çempionatında bürünc medal qazandı - YENİLƏNİB

Tiflisdə güləş üzrə keçirilən Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışın ikinci günündə sərbəst güləşçilər 55 kq və 60 kq, qadın idmançılar 51 kq və 59 kq çəki dərəcələrində qüvvələrini sınayıblar. Azərbaycan yığması 4 çəki dərəcəsinin hamısında təmsil olunub və güləşçilərimiz bir gün öncəki kimi günü yenə medalla başa vurublar.

Bu dəfə ölkəmizin bayrağını Yaşar Əliyev yüksəldib. Həmyerlimiz komandamıza bürünc medal qazandırıb.






Sərbəst güləş

Kişilər
55 kq

Bu çəki dərəcəsində millimizin şərəfini Yaşar Əliyev qoruyur. 1/8 finaldan yarışa qatılan həmyerlimiz ilk görüşdəcə yerli Georgi Edişeraşvili ilə qarşılaşıb. Güləşçimiz birinci hissəni 2:1 hesabı ilə aktivinə yazsa da, bunun ardını gətirə bilməyib. O, növbəti 2 hissədə uduzaraq, çempionluq şansını itirib.

Edişeraşvili finala yüksəldiyindən Əliyev təsəlliverici görüşlərə qatılıb. O, ilk qarşılaşmasında fransalı Zoheir El Ouarraque qüvvəsini sınamalı olsa da, döyüş keçirilməyib. Rəqib əvvəlki görüşündə zədələndiyindən Əliyev qalib elan olunub.

Yaşar bürünc medal uğrunda rusiyalı Artyom Qebekovla güləşib. Həmyerlimiz rəqibinə heç bir şans verməyərək, hər 2 hissədə qələbəni bayram edib – 1:1, 3:1. Bununla da, Əliyev Azərbaycan yığmasına növbəti bürünc medalı qazandırıb.

60 kq
Yaşarın qardaşı Hacının (60 kq) da ilk görüşü 1/8 finala təsadüf edib. Əliyev Yozef Molnarla (Macarıstan) gücünü yoxlayıb. Təmsilçimiz rəqibinə heç bir şans verməyib. İlk hissədə 5:0 hesabı ilə qalib gələn Hacı ardınca rəqibini 4:0 hesabı ilə məğlub edib.

Güləşçimiz yarımfinala gedən yolda London Olimpiadasının 55 kq çəki dərəcəsində gümüş mükafatçısı olmuş Vladimir Xinçegaşvili (Gürcüstan) ilə üz-üzə gəlib. Bərabər səviyyədə keçən döyüşün ilk hissəsində rəqib 1:0 hesabı ilə üstün olub. Ardıca Əliyev 6:2 hesabı ilə qalib gəlsə də, həlledici hissədə yerli publikanın alqış sədaları Vladimirin köməyinə çatıb. Bu dəfə 3:1 hesabı ilə qələbə qazanan gürcüstanlı 1/2 finala yüksəlib. O, növbəti döyüşündə uduzduğundan, Hacı çempionatla vidalaşıb.

Qadınlar
51 kq

Yığmamızın üzvü Anjela Doroqan 1/8 finalda Burcu Kebiçlə (Türkiyə) üz-üzə gəlib. İlk hissədə heç bir güləşçi xal qazanmadığından püşkə ehtiyac olub. Rəqib isə püşkü özü üçün “çıxarıb” və hücumunu xalla tamamlayıb – 1:0.

İkinci hissədə Doroqan hesabı bərabərləşdirsə də, ardınca yenidən məğlubiyyətə üzülüb. Rəqib görüşü təmiz qələbə ilə başa çatdırıb. 1/4 finalda isə Kebiç uduzduğundan Anjela yarışa əlvida deyib.

59 kq
Komandamızın liderlərindən olan İrina Netraba isə Doroqandan fərqli, ilk döyüşdən azad olub. O, 1/4 finalda Martina Rieqlerə (Avstriya) qalib gələn Tatyana Lavrençukla (Ukrayna) münasibətinə aydınlıq gətirib.

İlk hissədə qalib gələn İrina ardınca hər 2 hissəni uduzub – 1:3, 0:1. Güləşçimizin təsəlliverici görüşlərə qatılması üçün Lavrençukun yarımfinalda da qalib gəlməsi vacib idi. Amma ukraynalı bunu bacarmayıb və Netraba da yarışı medalsız başa vurub.

Qeyd edək ki, yarışın ilk günündə Patimat Baqomedova (48 kq) bürünc medal qazanıb. Yığmamızın digər üzləri - Məhəmməd Müslümovla (66 kq) Xetaq Qazyumov (96 kq) isə çempionatı medalsız başa vurublar.