19:32 21-03-2013
news_image
2768
DÖYÜŞ NÖVLƏRİ

Daha bir bürünc medal - YENİLƏNİB

Tiflisdə keçirilən güləş üzrə Avropa çempionatının üçüncü günündə daha 4 dəst medal öz sahibini tapıb. Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilər 74 kq və 120 kq, qadın idmançılar 55 kq və 67 kq çəki dərəcələrində qitənin ən güclülərini müəyyənləşdiriblər.

Yarışın ilk 2 günündə 2 bürünc medal qazanan Azərbaycan yığması bu gün aktivinə daha bir mükafat əlavə edib. Millimizin üzvü Cəmaləddin Məhəmmədov komanda yoldaşlarının uğurunu təkrarlayaraq, 3-cü yeri tutub.

Sərbəst güləş

Kişilər
74 kq

Bu çəki dərəcəsində ölkəmizi təmsil edən Aleksandr Qostiyev yarışa təsnifat mərhələsindən başlayıb. O, ilk görüşünü Leonid Bazana (Bolqarıstan) qarşı keçirib.

İlk hissədə heç bir güləşçi xal qazanmadığından püşkə ehtiyac olub. Rəqib püşkü xeyrimizə çıxarsa da, Aleksandr hücum şansını dəyərləndirə bilməyib və fasiləyə məğlub yollanıb.

Qostiyev ikinci hissədə qalib gələrək (1:0) hesabı bərabərləşdirib. Lakin o növbəti hissədə uduzduğundan, qızıl medaldan əlini üzüb. Bazanın məğlubiyyəti isə Aleksandrın təsəlliverici görüşlərə qatılmasının üstündən xətt çəkib.

120 kq
Komandamızın liderlərindən olan Cəmaləddin Məhəmmədov Qostiyevdən fərqli, yarışa 1/8 finaldan qatılıb. O, türkiyəli Taha Akgüllə (Türkiyə) üz-üzə gəlib.

Təəssüf ki, təmsilçimizin ilk döyüşü uğurlu alınmayıb. Məhəmədov ilk cəhdindəcə Akgülə uduzub – 0:2, 0:2. Türkiyəli güləşçi finala yüksəldiyindən, Cəmaləddin təsəlliverici görüşlərə qatılıb. O, öncə bolqarıstanlı Dimitar Kimçevlə münasibətinə aydınlıq gətirib. İlk hissədə 2:0 hesabı ilə qalib gələn Məhəmmədov ikinci hissəni də öz xeyrinə başa vurub - 4:0.

Onun bürünc medal uğrunda rəqibi macarıstanlı Daniel Liqeti olub. Təmsilçimiz rəqibinə heç bir şans verməyib. İlk hissədə 4:0 hesabı ilə qalib gələn Məhəmmədov ikinci hissədə daha fəal olub – 6:1. Bununla da o Azərbaycan yığmasına Avropa çempionatında 3-cü bürünc medalı qazandırıb. Bu medallardan 2-si isə məhz sərbəst güləşçilərin aktivindədir.

Qadınlar
55 kq

Yarina Dubovskanın ilk görüşü 1/8 finala təsadüf edib. Təmsilçimiz polşalı Katarjina Kravçukla (Polşa) güləşib. Hər 2 hissədə rəqib qalib gəlib – 1:0, 1:0.

Ardınca Kravçuk uduzduğundan Dubovskanın bürünc medal qazanmaq şansı da heçə enib.

67 kq
Natalya Palamarçukun da ilk qarşılaşması polşalı idmançıya qarşı olub. O, 1/8 finalda Urszula Ososkanı sınağa çəkib. Təəssüf ki, Palamarçuk da dueldən məğlub ayrılıb – 0:5, 2:2.

Qeyd edək ki, Məhəmmədovdan öncə Patimat Baqomedova (48 kq) və Yaşar Əliyev (55 kq) bürünc medal qazanıblar. Yığmamızın digər üzləri – Hacı Əliyev (60 kq), Məhəmməd Müslümov (66 kq), Xetaq Qazyumov (96 kq), Anjela Doroqan (51 kq) və İrina Netraba (59 kq) isə çempionatı medalsız başa vurublar.