15:49 21-03-2013
news_image
2755
DÖYÜŞ NÖVLƏRİ

Yığmamızın baş məşqçisi istefaya göndərilə bilər - MÜSAHİBƏ

Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərovun apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına müsahibəsi

- Sərbəst güləş üzrə Azərbaycan millisinin Avropa çempionatında zaif çıxışını nə ilə əlaqələndirərdiz?
- Olimpiadadan sonra hər bir komandada eniş yaşanır. Lakin bu dərəcədə olmamalıdır. Mən burada başda Saypulla Absaidov olmaqla, məşqçilər korpusunu günahlandırıram. Onun ya məşq prosesi düzgün olmayıb, ya da texniki, taktiki hazırlığı lazımı səviyyədə qurmayıb. Nəticədə də çempionatda səviyyələrindən aşağı çıxış edirlər. Milli üçün federasiya hər bir şəraiti yaradıb. Təlim-məşq toplanışları, turnirlər, hər bir şey öz qaydasındadır. Biz belə bir sədd qoymadıq ki, hələ Olimpiya ili deyil, hələ tezdir. Onlara hər bir şəraiti yaratdıq. Hər hansı güləşdən başı çıxmayan insan da bunu analiz etsə, deyə bilər ki, məşqçilər korpusunun və ya uşaqların günahı var. Görünür, hazırlıq prosesi güzgün keçilməyib. Mən bir mütəxəssis kimi, məşqçiləri səhlənkarlıqda günahlandırıram.

- Yəqin razılaşarsız ki, heyət də tam təcrübəsizlər deyildi...
- Bəli, tam cavan heyət deyildi. Burada liderlər - Xetaq Qazyumov, Cəmaləddin Məhəmmədov, Aleksandr Qostiyev, Hacı Əliyev vardı. Bunlar öz çəkilərində bir nömrələrimizdir. Görünür, nəsə çatışmazlıq olub ki, belə çıxış ediblər.

- Bu uğursuzluq zolağının İranda keçirilən Dünya Kubokunda başladığını demək olarmı?
- 1 ay ərzində bu problemləri düzəltmək mümkün deyildi. Biz bu problemi yaşadıq, Dünya Kubokunda 9-cu olduq. Azərbaycanın sərbəst güləş tarixində belə bir hadisə baş verməmişdi. Xüsusilə, 2007-ci ildə Fazil Məmmədov federasiya prezidenti seçildikdən sonra nəticələr göz qabağındadır. Yəni, son illər çempion olmaqla yanaşı, ancaq ilk “üçlükdə” yer almışıq. Fikrimcə, Yaşar Doğunun xatirəsinə həsr olunmuş turnirdə də zəif çıxış bir siqnal idi. Mən buna məşqçilər korpusunun Olimpiadadan sonra boşalması kimi də baxıram. Komandaya səhlənkar yanaşdılar. Bu məsələ ilə bağlı federasiya öz qərarını qəbul edəcək.

- Bu qərar nə ola bilər?
- Dəyişikliklər olmalıdır. Komanda digər məşqçilərlə güclənəcək. Yunan-Roma güləşi üzrə yığmamızda olduğu kimi 7-8 çalışdırıcıdan ibarət məşqçilər korpusuna da güvənməyimiz mümkündür. Bu istiqamətdə iş gedir. Çünki mən yığmamızın belə zəif çıxışını görməmişdim.

- Millimizin bir gün öncə qazandığı yeganə bürüncə sevinməsi də bunu əks etdirirdi...
- Azərbaycan artıq güləş ölkəsidir. Həmişə sözümüzü dediyimizdən bizim üçün bürünc deyil, qızıl medal uğurdur. Minimum 1 finalımız, 1 çempionumuz olmalı idi. Biz hansısa boşluğun yaranmasına imkan vermərik. Maddi-texniki bazamız var, hansısa çətinliyimiz yoxdur. Komandanın güclənməsi üçün lazımı tədbirlər görəcəyik.

- Onda belə qərara gəlmək olar ki, yığma artıq Saypulla Absaidovla yollarını ayıracaq. Bu mümkündürmü?
- Mən birbaşa Absaidovu günahlandıra bilmərəm ki, onu çıxarsaq, komanda düzələcək. Ancaq yığmanı gücləndirəcəyik. Ola bilsin ki, onun da gedişi gündəmə gəlsin. Mən özüm də daxil olmaqla, federasiya rəhbərliyi tərəfindən göstəriş gəlsə ki, çıxmalısız, bu, belə də olacaq. Çünki dəyişiklik işin xeyrinədir. Azərbaycan güləşçiləri inkişafda olsunlar. Təbii ki, məşqçilər korpusu ciddi nöqsanlar buraxıb. Güləşçilərin döşəkdə də formada olmadıqları görünür. Bunu mütəxəssis kimi çalışdırıcıların nəzərinə çatdırmışam. Lakin bunu mən yalnız məsləhət kimi demişəm. Məşq prosesində bütün xırdalıqları başa salmaq lazımdır.

- Məşqçilərlə bağlı qərarınızı dediz. Bəs hansısa güləşçinin cəzalandırılması gözlənilirmi?
- Bizdə qayda belədir ki, güləşçi yüksək nəticə qazanarsa, əlavə bonus alır. Əksinə olarsa, cəza kimi məvacibindən müəyyən miqdar kəsilir. Təbii ki, bu istiqamətdə işimizi görəcəyik, belə qoymaq olmaz. Bakıya dönən kimi rəhbərliyə Avropa çempionatındakı çıxış məruzə ediləcək. İdmançılar və məşqçilərlə söhbətlər olacaq, səhvlər aradan qaldırılması üçün işlər başlanacaq. İnanıram ki, bu çatışmazlıq düzələcək, belə qala bilməz.

- Bəs Xetaq Qazyumovla bağlı hansı fikirdəsiz? Fikirləşmirsiz ki, artıq yaş amıili öz sözünü deyir...
- Mən də o qənaətdəyəm. Fiziki cəhətdən çatdırmamağı hiss olunur. Səhhətində də nəsə problem mümkündür. Bu, London Olimpiadasında da özünü göstərmişdi. Ancaq gələndən sonra o ən yüksək klinikalara müalicəyə göndərildi. Hansısa ciddi problem tapılmadı. Hər şey yaxşı idi. Artıq cavan nəsil yetişməlidir. Fenomen güləşçi yoxdur. Hərənin öz vaxtı, zamanı var. Məşqçilərin səhvi, uşaqların laqeyd yanaşması zəif nəticənin əsas səbəbidir. Vitaminlərindən tutmuş hər bir şey yüksək səviyyədə oldu. Federasiya prezidenti Fazil Məmmədov hər bir komandamızı daima diqqətdə saxlayır, vitse-prezident Namiq Əliyev məşqləri izləyir. Lakin məşqçilər tam sərbəstdir. Çünki yaxşı nəticəyə də, pis nəticəyə də gəlib özləri cavab verməlidirlər. Niyə belə oldu, uşaqlar niyə ümidləri doğrultmadılar, problem nədir və s... Onlara yaradılan şəraitin qarşılığında belə olmamalı idi.