17:03 21-03-2013
news_image
1726
DÖYÜŞ NÖVLƏRİ

Əjdər Cəfərov: Belə bərbad təşkilatçılıq görməmişəm

“Mən 1995-ci ildən bu günə qədər Avropa çempionatlarında ya azarkeş kimi, ya da federasiya rəsmisi kimi iştirak etmişəm. Tarixində belə bərbad təşkilatçılıq görməmişəm”. Bunu apasport.az saytının Tiflisə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Güləş Federasiyasının baş katib Əjdər Cəfərov deyib.

Gürcüstanda keçirilən Avropa çempionatının təşkilatı məsələlərində bir sıra çatışmazlıqlar var. Bu, həm yığmalarla qonaqlar üçün, həm də biz jurnalistlər üçün problemlər yaradır. Hətta hansısa informasiyanı ötürmək üçün internetin sürəti belə lazımı səviyyədə deyil. Cəfərov bildirib ki, çətinliklər komandamızdan da yan keçməyib: “Mən bunu hələ Azərbaycanla müqayisə etmirəm. Çünki təşkilatçılıqda hansısa ölkə bizə çata bilməz. Bunu FİLA rəsmiləri də bildiriblər. Bu Avropa çempionatının təşkilatçılığını son yarışlarla müqayisə edirəm. Lakin FİLA qaydalarının yerinə yetirilmədiyi ortaya çıxır. Məsələn, komandalar üçün lazımı işlər görülməli, tərcüməçilər, könüllülər verilməli idi. Yaxud, yeməyin qrafiki belə bilinmir, dəqiq deyil. Federasiyamızın vitse-prezidenti Məhəmməd Əliömərov rəsmi nümayəndədir. Akkreditasiyadan keçirib, pulu verilib, sonra deyirlər kimləsə qalmalısan. Başqa bir məqam ondadır ki, pul ödəmişik, otaq verən yoxdur. Biri bir otelə, digəri başqa otelə yollayır. Yekunda isə nəsə yoxdur. Sonda yenidən pulumuzu ödəyib, otaq götürdük. Yəni, burada cavabdeh adam tapmırsan ki, sözünü deyəsən. Kimə hansısa çatışmazlığı bildirəndə, cavabında “mənlik deyil” söyləyir”.

Baş katibin sözlərinə görə, problem təşkilatçılığın firmaya verilməsindədir: “Çünki qaydalara zidd olaraq, təşkilatçılıq firmaya həvalə olunub. Onlar isə hər şeydən, idmançı psixologiyasından belə xəbərsizdir. Bundan əlavə, yarışla bağlı plakata da rast gəlmirsən. Bilirsiz ki, KİV nümayəndələri üçün də lazımı şərait belə yoxdur. Onlara yemək, çay verilmir. İdmançılara da laqeyd münasibət göstərilir. Qadınlardan ibarət komandamızın üzvlərini bir otağa üç-üç yerləşdiriblər. Bu, qaydalara tam ziddir. Çünki yeniyetmələrin deyil, böyüklərin Avropa çempionatıdır. Burada yarış keçirmək təcrübələrinin az olmaması da rol oynayır”.

Qeyd edək ki, Cəfərov çempionatda ədaləti qorumalı olsa da, əli zədələndiyi üçün vəzifəsini yerinə yetirə bilməyib.