18:02 22-03-2013
news_image
2879
DÖYÜŞ NÖVLƏRİ

40 saniyəyə bürünc medal - YENİLƏNİB

Tiflisdədə keçirilən Avropa çempionatının 4-cü günü Azərbaycan millisinin daha 3 güləşçisi mübarizəyə qoşulub. Apasport.az saytının məlumatına görə, sərbəst güləşçilər 84 kq, qadın idmançılar 63 kq və 72 kq çəki dərəcələrində güclərini yoxlayıblar.

Əvvəlki günlərdə olduğu kimi bu dəfə də fəxri kürsüyə yüksələnlər arasında Azərbaycan millisinin üzvü yer alıb. Ölkəmizə 4-cü bürünc medalı Anna Belyayeva qazandırıb. O, 3-cü yer uğrunda görüşünü layiqli qələbə ilə başa vurub.






Sərbəst güləş

Kişilər
84 kq

Sərbəst güləş son çəki dərəcəsində Azərbaycan Məhəmmədhacı Xatiyevlə təmsil olunub. İlk mərhələni azarkeş kimi izləyən təmsilçimiz 1/8 finalda ukraynalı İbrahim Aldatovla güləşib.

Lakin o startdaca məğlub olub. Düzdür, ilk hissədə Məhəmmədhacı 2:0 hesabı ilə qələbə qazanıb. Lakin ardınca rəqib üstün olub (1:4, 0:3) və mərhələ adlayıb. Aldatov isə növbəti görüşdə uduzduğundan Xatiyev çempionatla vidalaşıb.

Qadınlar
63 kq

Anna Belyayeva mübarizəyə 1/8 final mərhələsindən başlayıb. O, Henna Yohanssonla (İsveç) münasibətinə aydınlıq gətirib. Təmsilçimiz rəqibini döşəyə çıxmağa peşman edib. İlk hissədə 1:0 hesabı ilə qalib gələn Anna ikinci hissəni vaxtından əvvəl aktivinə yazıb və 1/4 finala yüksəlib.

Bu mərhələdə onun rəqibi Anastasiya Qrioryeva (Latviya) olub. Anna ilk hissədə qalib gəlsə də, bunun ardını gətirə bilməyib. İkinci hissədə vaxtından əvvəl qələbə qazanan Qrioryeva həlledici hissədə 7:2 hesabı ilə üstün olub.

Anastasiya finala yüksəldiyindən Belyayeva təsəlliverici görüşlərə qatılıb. O, öncə yunanıstanlı Aqoro Papavasileio ilə gücünü yoxlayıb. Hər 2 hissədə rəqibini məğlub edən (1:0, 2:0) Anna bürünc medal uğrunda İrene Qarsiya (İspaniya) ilə qüvvəsini sınayıb. O, rəqibinə heç bir şans verməyib. Cəmi 40 saniyəyə Qarsiyanın kürəyini yerə vuraraq, 3-cü yeri tutub.

72 kq
Yığmamızın ən ağır çəkili güləşçisi Səbirə Əliyevanın (72 kq) da ilk görüşü 1/8 finala təsadüf edib. Viktoriya Bobeva (Bolqarıstan) ilə üz-üzə gələn həmyerlimiz inamlı qələbə qazanıb.

Səbirə ilk hissədə 1:2 hesabı ilə uduzmasına baxmayaraq, ardınca hər 2 hissədə rəqibindən güclü olduğunu nümayiş etdirib – 1:0, 4:1. O, 1/4 finalda polşalı Agniezka Viesçek-Kordusla güləşib. Lakin Əliyeva ilk görüşdəki qələbənin ardını gətirə bilməyib və hər 2 hissədə uduzub - 0:3, 1:4. Viesçek-Kordus isə yarımfinalda “ilişdiyindən” Əliveva təsəlliverici görüşlərə qatıla bilməyib.

Bununla da Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Sabah mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq.

Qeyd edək ki, Belyayevadan öncə Patimat Baqomedova (48 kq), Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) bürünc medal qazanıblar.