17:17 22-03-2013
news_image
1339
DÖYÜŞ NÖVLƏRİ

Saypulla Absaidov: Getməyimi məsləhət görsələr...

“Nəticələrimiz zəif oldu. Ötən Avropa çempionatında 1 qızıl və 1 bürünc medal qazansaq da, bu dəfə 2 güləşçimiz 3-cü yeri tutdu”. Bunu apasport.az saytının Tiflisə ezam olunmuş əməkdaşına açıqlamasında sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidov deyib.

Dağıstanlı mütəxəssis yığmamızın Gürcüstanda keçirilən Avropa çempionatında zəif çıxışına münasibət bildirib: “Bəziləri səhv etdilər, digərlərinin xarakteri çatmadı. Yığmaya gənclər millimizdən gələnlər də vardı və onlar ümidləri doğrultmadılar. Fikrimcə, nəticədə eniş var. Ancaq hesab etmirəm ki, komanda da enişdədir. Mən özümdə günah görmürəm. Olimpiada öncəsi nəticə üçün bütün gücümü ortaya qoydum. Hiss edirdim ki, qızıl medal qazanmasam, ölərəm”.

Bir gün öncə Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov saytımıza verdiyi müsahibəsində komandanın məşqçilər korpusunda dəyişiklik ola biləcəyini demişdi. Absaidov bildirib ki, istefaya göndərilsə, vidalaşıb gedəcək: “Mən Bakıda rəhbərliklə danışacağam. Bundan sonra öz fikrimi deyəcəyəm. Əgər getməyimi məsləhət görsələr, sağ ol deyib, gedəcəm”.

Qeyd edək ki, sərbəst güləş üzrə yığmamız Avropa çempionatında 7 çəki dərəcəsində 2 bürünc medal qazanıb. Komandamızın heyətində Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) fərqlənib.