19:17 23-03-2013
news_image
3438
DÖYÜŞ NÖVLƏRİ

Əliyev gümüş, Məmmədov bürünc medal qazandı - YENİLƏNİB

Gürcüstanın paytaxtı Tiflisdə güləş üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışların beşinci günündə mübarizəyə yunan-Roma güləşi üzrə 55, 60, 96 və 120 kq çəki dərəcələrində idmançılar qoşulub.

Yığmamız günü 2 medalla başa vurub. Elçin Əliyev (55 kq) finalda uduzaraq, 2-ci yerlə kifayətlənib. Digər həmyerlimiz Kamran Məmmədov (60 kq) bürünc medal qazanıb.

Yunan-Roma güləşi

55 kq
Medal ümidlərimizdən olan Elçin Əliyev ilk mərhələdən azaddır. O, 1/8 finalda serbiyalı Kristian Gazdagla münasibətinə aydınlıq gətirib. İdmançımız rəqibini döşəyə çıxmağa peşman edib. Birinci hissədə Gazdagı 4:0 hesabı ilə məğlub edən Elçin ikinci hissəni vaxtından əvvəl xeyrinə bitirib.

O, 1/4 finalda Fatih Üçüncünü (Türkiyə) sınağa çəkib. 2 qat Avropa çempionumuz bu dəfə də inamlı təsir bağışlayaraq, əzmkar qələbə qazanıb – 1:0, 2:2.

Əliyev yarımfinalda Viktor Çiobanu (Moldova) ilə mübarizə aparıb. İlk hissəni 1:0 hesabı ilə aktivinə yazan həmyerlimiz ardınca gözlənilmədən vaxtından əvvəl uduzub. Lakin Elçin rəqibinin sevinməsinə imkan verməyib. Üçüncü hissədə də o vaxtından əvvəl qalib gəlməklə, həm revanşını alıb, həm də finala yüksəlib.

Əliyevin həlledici mərhələdə rəqibi belaruslu Elbek Tajiyev olub. İdmançımız ilk hissəni xeyrinə başa vursa da (1:0), növbəti hissələrdə məğlubiyyətə üzülüb – 0:1, 0:4. Nəticədə Elçin gümüş medalla kifayətlənib.

60 kq
Kamran Məmmədov da yarışa 1/8 finaldan başlayıb. Həmyerlimiz ilk görüşünü moldovalı Donior İslamova qarşı keçirib. Məmmədov hər 2 hissədə inamlı qələbə qazanıb – 1:0, 2:0.

Onun yarımfinala gedən yolda rəqibi İvo Angelov (Bolqarıstan) olub. Lakin Kamran inamlı təsir bağışlamayıb və uduzub – 0:1, 1:2. Angelov finala yüksələdiyindən, Məmmədov təsəlliverici görüşlərə qatılıb. O, öncə italiyalı Lorenzo Centile ilə qüvvəsini sınayıb. Rəqibinə heç bir şans verməyən Kamran ilk hissəni vaxtından öncə bitirib – 6:0. İkinci hissədə də 1 xal qazanan Məmmədov bürünc medal uğrunda Maksim Kajarskini (Belarus) sınağa çəkib. Güləşçimiz inamla mübarizə apararaq, hər 2 hissədə rəqibinə gücünü göstərib – 1:0, 2:0. Bununla da, 3-cü yeri tutan Kamran komandamıza ikinci medalı qazandırıb.

96 kq
Şalva Qadabadze komanda yoldaşlarından fərqli, 1/16 final görüşünə çıxıb. O, Marius Nielsenlə (Norveç) üz-üzə gəlib. Görüşün ilk hissəsində üstün olan təmsilçimiz ikinci hissədə də çətinlik çəkmədən qalib gəlib.

Qadabadze 1/8 finalda italiyalı Daiqoro Timoncini ilə qarşılaşıb. Təcrübəli idmançımız bu dəfə də qələbəni asan bayram edib. Birinci hissədə rəqibindən 1 xal alan Şalva növbəti 2 dəqiqədə 5 qazanıb.

O, 1/4 finalda rumıniyalı Alin Alekses-Çiurariu ilə üz-üzə gəlib. İlk 2 döyüşündə olduğu kimi Şalva bu dəfə də birinci hissəni 1:0 hesabı ilə öndə bitirib. İkinci hissədə isə rəqibini 3:0 hesabı ilə məğlub edən güləşçimiz yarımfinala yüksəlib.

Qadabadze bu mərhələdə erməni Artur Aleksanyanın müqavimətini qırmağa çalışıb. Lakin hər 2 hissədə uduzaraq (0:1, 0:3), finala yüksələ bilməyib.

O bürünc medal uğrunda Genk İldemlə (Türkiyə) güləşib. İlk hissə Şalva üçün yaxşı başlasa da (1:0), bunun ardını gətirə bilməyib. Növbəti 2 hissədə uduzan (1:0, 1:0) gürcüstanlı legionerimiz yekunda 5-ci yeri tutub.

120 kq
Yığmamızın ən ağır çəkili idmançısı Radomir Petkoviç türkiyəli Rza Kayaalpla qüvvəsini sınayıb. Təəssüf ki, güləşçimiz ilk cəhdində - 1/8 finaldaca uduzub. Birinci hissədə 1:0 hesabı ilə qalib gələn rəqib ardınca da təmsilçimizdən üstün olub – 2:0.

Lakin Rza finala yüksəldiyindən Petkoviç təsəlliverici görüşlərə qatılıb. O, öncə Yoseb Çuqoşvili (Belarus) ilə qarşılaşıb. İlk görüşündə olduğu kimi bu dəfə də hər 2 hissədə məğlub olan legionerimiz Avropa çempionatı ilə vidalaşıb.

Qeyd edək ki, Avropa çempionatında sərbəst və qadın güləşi üzrə yarışlar başa çatıb. Komandamızın heyətində Patimat Baqomedova (48 kq), Anna Belyayeva (63 kq), Yaşar Əliyev (55 kq) və Cəmaləddin Məhəmmədov (120 kq) bürünc medal qazanıblar.