23:10 23-03-2013
news_image
1821
STOLÜSTÜ OYUNLAR

Rəcəbov liderlə heç-heçə etdi - YENİLƏNİB

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirində VII turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, şahmatçılar I dövrəyə yekun vurulacaq turun qarşılaşmalarında qüvvələrini sınayıblar.

Azərbaycan qrossmeysteri Teymur Rəcəbov bu dəfə norveçli Maqnus Karlsenlə münasibətlərinə aydınlıq gətirib. Turnir cədvəlinin ikinci yarısında qərarlaşan həmyerlimiz yarışın liderlərindən birinə qarşı oynayıb.

Qara fiqurlarla mübarizə aparan Rəcəbov rəqibi ilə heç-heçə edib.

Digər görüşlərdə isə Vasili İvançuk Pyotr Svidlerlə, Boris Gelfand Vladimir Kramniklə, Levon Aronyan Aleksandr Qrişukla xalları yarı bölüb.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gələcəklər. Yarışın qalibi dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla mübarizə aparacaq.

23 mart
VII tur

Maqnus Karlsen (Norveç, 2872) - Teymur Rəcəbov (Azərbaycan, 2793) - 0,5:0,5
Levon Aronyan (Ermənistan, 2809) - Aleksandr Qrişuk (Rusiya, 2764) - 0,5:0,5
Boris Gelfand (İsrail, 2740) - Vladimir Kramnik (Rusiya, 2810) - 0,5:0,5
Vasili İvançuk (Ukrayna, 2757) - Pyotr Svidler (Rusiya, 2747) - 0,5:0,5

Xal durumu:
Karlsen, Aronyan – 5, Svidler, Kramnik – 3,5, Rəcəbov, Qrişuk - 3, Gelfand, İvançuk – 2,5