12:11 23-03-2013
news_image
787
STOLÜSTÜ OYUNLAR

“Bu gediş pis oyunun ilk əlaməti idi”

“Razıyam ki, 14-cü gedişdən rəqibin a5 oynamasına imkan verməməli idim. Buna qədər özüm b4 gedişini etməli idim. Düşündüm ki, bunu sonra edərəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib.

Qrossmeysterimiz Londonda keçirilən iddiaçıların turnirinin 6-cı turunun Levon Aronyanla oyunu haqda fikirlərini açıqlayıb. Rəcəbov məğlubiyyətini belə izah edib: “Lakin rəqib artıq 14-cü gedişdə a5 oynadı. Onda başa düşdüm ki, oyunu şah cinahına keçirmək lazımdır. Bu yolla qaraları b3 xanasındakı zəifliyimdən yayındıra bilərdim. Lakin rəqibin f8 və e7 xanalarına hücumunu qiymətləndirmədim. Daha çox d7 xanasına görə narahatçılıq keçirdim. Buna baxmayaraq, 23-cü gedişdən sonra ağların durumu qənaətbəxş idi. Bilmirəm, bəlkə də bir az pis idi. Bu b4 və e5 piyadaları asılıb qalmışdı. Bəlkə elə şah cinahında da daha yaxşı oynaya bilərdim”.

Rəcəbov oyunun ağır keçdiyini etiraf edib: “Görüş son anadək ağır keçdi. Demək olar ki. daim seytnotda idim. Xüsusilə də sonluqda. Rəqibim düz dedi ki, 53-cü gedişdə r2, sonra c1 gedişlərini etməli idim. Belə olan halda təxmini bərabərlik olacaqdı. Lakin 49-cu gedişdə ehtiyatsızlıq etdim və qarşılığını aldım. Bu gediş pis oyunun ilk əlaməti idi. Şah topun qarşısını kəsib zərbə altına düşmüşdü. Lazımsız hesablamalara çox vaxt sərf etdim. Bunlar beyni gərginlikdə saxlayır, lakin oyunda kömək etmir. Sonda bu da nəticəsini göstərdi. Ümumilikdə oyun vaxtı verdiyim bəzi qərarlardan narazıyam”.