22:37 28-03-2013
news_image
1129
STOLÜSTÜ OYUNLAR

“Teymur Rəcəbovun vəziyyəti təhlükəlidir” - MÜSAHİBƏ

Londonda keçirilən İddiaçılar Turnirinin lideri Maqnus Karlsenin Lent.az-ın yarışa ezam olunmuş əməkdaşına eksklüziv müsahibəsi

- İddiaçılar Turnirində lider olsanız da, bugünkü qarşılaşmada xal itirdiniz...
- Mən yarışın lideri olduğumdan, xal itkim gözlənilməz sayılır. Amma unutmaq olmaz ki, İddiaçılar Turniri çox gərgin marafondur. Sonunun necə olacağını demək mümkün deyil. Məsələn, bu gün qələbə qazana bilmədim.

- Bəs Teymur Rəcəbovun çıxışı barədə nə düşünürsünüz?
- Həmkar haqqında danışmaq çətindir. Rəcəbov İddiaçılar Turnirində güclü şahmatçılardan sayılır. Amma görüşləri çox çətin alınır. Bugünkü görüşü də çətindir.

- Rəcəbovun Vladimir Kramniklə görüşü barədə nə deyə bilərsiniz?
- Teymur Rəcəbovun vəziyyəti təhlükəlidir. Aydın məsələdir ki, Kramnik ağ fiqurlarla qələbə qazanmaq istəyir. Volodya liderlərə yaxınlaşmaq istəyir. Ona görə də sonadək mübarizə aparacaq.

- Levon Aronyanın Sizi ötəcəyindən ehtiyatlanmırsınız?
- Aronyanın görüşü hələ davam edir. Təbii ki, o da qələbə qazanmaq istəyir. Amma mən öz oyunum barədə düşünür və hər tur qələbə qazanmağa çalışıram.

- Bəs özünüzə olan ümidləri doğruldacağınıza inanırsınız?
- İndidən bu haqda heç nə deyə bilmərəm. Yarışın sonuna 3 tur qalıb. Qalan oyunlarda kimin necə çıxış edəcəyini heç kim deyə bilməz. Əlbəttə, İddiaçılar Turnirinin qalibi olmaq istərdim.

- Qalib olsanız, hazırkı çempion Vişvanatan Anandla görüş perspektivi var...
- (gülür) Mən hələ udmamışam və ona görə də bu görüş haqda düşünmürəm. Hazırda əsas diqqətimi son 3 turdakı rəqiblərim Vasili İvançuk, Teymur Rəcəbov və Peter Svidlerlə görüşlərə yönəltmişəm. Londonda qalib gəlsəm, Anandla qarşılaşma barədə fikirləşmək üçün xeyli vaxtım olacaq.