17:26 29-03-2013
news_image
1366
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan” təqdim olundu

Bu gün mayın 1-5-də Azərbaycanda keçiriləcək “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təqdimatı olub. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov bildirib ki, mərhum prezident Heydər Əliyevin 90 illiyinə həsr olunan yarış paytaxt Bakıda start götürəcək və ölkənin 7 rayonunun ərazisində davam etdiriləcək.

Ələkbərov “Tour d’Azerbaidjan”ın ötən illə müqayisədə adının dəyişməsinə də aydınlıq gətirib: “Biz ötən il də belə tur təşkil etdik. Lakin həmin vaxt yaşı 23-ə qədər olan idmançılar mübarizə aparırdılar. Bu dəfə isə peşəkar komandalar güclərini yoxlayacaqlar. Azərbaycanı turnirdə yeni yaradılan “Sinerjy Baku Cucling Project” klubu ilə təmsil olunacaq. Yarışın adının dəyişməsinə gəlincə, bildirim ki, “Tour d’Azerbaidjan” əvvəllər İranda keçirilirdi. Biz beynəlxalq federasiya ilə bunun ölkəmizdə təşkil edilməsi barədə razılığa gəldik. İranda isə artıq “Tour d’İran” olacaq. Veloyürüş də UCİ Europe Tour çərçivəsində 2.2 kateqoriyalıdır”.

Təşkilat Komitəsinin sədri Bakı klubunun qarşısına çempionluq hədəfi qoymadıqlarını da deyib: “Bu komandanın gələn ayın axırı təqdimatı olacaq. Klub legionerlər və 6 azərbaycanlıdan ibarətdir. Biz veloyürüşdə onların qarşısına çempionluq hədəfi qoymamışıq. Cəmi 3 aydır yaradılıb. Onlar hələ bir-birinə uyğunlaşmalıdırlar. Bu səbəbdən də qarşılarına konkret vəzifə qoymamışıq. Hansısa yeri tutsalar, buna sevinərik”.

Ardınca Ələkbərov vetotur barədə məlumat verərək, yarışın açılışının və iştirakçı ölkələrin təqdimatının aprelin 30-da olacağını bildirib: “Təqdimat Dənizkənarı Milli Parkda keçiriləcək və böyük bayram olacaq. Uşaqlar, qocalar, gənclər və digər insanlar arasında yarış təşkil ediləcək və qalib həmin velosipedi qazanacaq. Həmçinin, açılışda türkiyəli məşhur ulduz Mustafa Ceceli də olacaq”.

Sonra turun Təşkilat Komitəsinin üzvü, Almaniyanın “Freunde event Logistic GmBH” şirkətinin direktoru Alberxt Röder turnirin marşrutu barədə məlumat verib. O bildirib ki, 5 mərhələdən ibarət olacaq veloturun ilk mərhələsi Heydər Əliyev Mərkəzinin yanından start götürəcək və mərhum prezidentin adını daşıyan prospektlə metronun “Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra yenidən ilk nöqtəyə qayıdacaq. Marşrutun ümumi uzunluğu 157 km təşkil edəcək.

Növbəti gün velosipedçilər yeni yaradılmış velosiped parkından (“Şıxov”da aprelin sonunda açılışı planlaşdırılır) start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər. 183 km qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər. Mayın 3-də yarış iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 kq) qayıdacaqlar.

4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.

Röder yarışın ümumi mükafat fondu barədə də məlumat verib: “Veloturda 40 ölkənin idmançılarından təşkil olunmuş 25 komanda gücünü yoxlayacaq. Yarışda Mərkəzi Avropa – Hollandiya, Lüksemburq və Hollandiya klubları favorit hesab olunur. Düzdür, onlar ikinci heyətləri ilə Azərbaycana gələcəklər. Lakin bu heyət də zəif deyil. Həmçinin, “Astana” komandası da fovaritlər sırasındadır. Avstraliya isə yığma kimi Bakıya gələcək. Turun ümumi mükafat fondu 69 min avro təşkil edəcək. Burada qalib 6 min avro qazanacaq. Bununla yanaşı, ilk “iyirmiliyə”, spirint, dağ yarışlarında fərqlənənlərə də pul mükafatı veriləcək. Bildirim ki, mükafat fondumuz digər yarışlarla müqayisədə yüksəkdir”.