18:43 30-03-2013
news_image
5510
DÖYÜŞ NÖVLƏRİ

Vüqar Şirinli bürünc medal qazandı - YENİLƏNİB

Bu gün Türkiyənin Samsun şəhərində Qran-Pri start götürüb. Apasport.az saytının məlumatına görə, ilk gündə 9 cüdoçumuz mübarizəyə qoşulub.

60 kq çəki dərəcəsində mübarizə aparan Vüqar Şirinli artıq startda meydan sahibi Ahmet Kabanı məğlub edib. O, növbəti mərhələdə britaniyalı Eşli Makkenziyə qalib gəlib. Vüqar 1/4 finalda tunisli Fracu Dubinin də öhdəsindən gəlib. O, 1/2 finalda monqolustanlı Amartuvşin Daşdavaa ilə görüşüb. Ancaq idmançımız rəqibinə yenilib. Bununla belə, Şirinlinin bürünc qazanmaq şansı var. O, 3-cülük uğrunda israilli Artyom Arşanski ilə gücünü sınayıb. Vüqar yəhudi idmançıya ippon fəndi ilə qalib gəlməklə Qran-Prinin bürünc medalına qovuşub.

Bu çəkidə mübarizə aparan digər idmançımız Orxan Səfərov isə ilk döyüşündə Rusiyanı təmsil edən erməni cüdoçu Aram Qriqoryana məğlub olub.

Medal ümidlərimizdən olan Nicat Şixəlizadə isə 66 kq-da macarıstanlı Jolt Qorjanatsdan üstün olub. Nicat növbəti mərhələdə Ermənistandan olan rəqibi Armen Nazaryana da heç bir şans verməyib. O, 1/4 finalda qazaxıstanlı Sergey Limlə tatamidə üz-üzə gəlib. Təəssüf ki, Nicat Asiya çempionu olan Limə ipponla uduzub. Ancaq o, 3-cülük uğrunda mübarizədə fransalı Dimitri Draqinə də ipponla yenilib və mübarizəni dayandırıb.

73 kq-da döyüşən Rüstəm Orucov türkiyəli Hasan Vanlıoğluna ipponla uduzub. Hüseyn Rəhimli isə fransalı Pyer Düpro ilə bacarmayıb.

Qadınların mübarizəsində isə Aişə Qurbanlı (48 kq) türkiyəli Ebru Şahinə uduzub və mübarizəni erkən başa vurub.

Turanə Seyidi (52 kq) də Aişə kimi ilk döyüşünü meydan sahibi ilə keçirib. Ancaq o, Merve Türk üzərində qələbə qazana bilib. Bununla belə, növbəti mərhələdə rusiyalı Natalya Kuzyutina ilə bacarmayıb.

Şəhanə Hüseynova (63 kq) da türkiyəli Selin Güldən üstün olub. Ancaq onun qarşısını almaniyalı Yohanna Müller kəsib. Bu çəkidə mübarizə aparan Xanım Hüseynova isə xorvatiyalı Andreya Dakoviçə yenilib.

Qeyd edək ki, yarışın son günü - sabah mübarizəyə daha 8 cüdoçumuz qoşulacaq.