22:11 01-04-2013
news_image
2177
STOLÜSTÜ OYUNLAR

Karlsen birinci, Rəcəbov sonuncu oldu

Bu gün Böyük Britaniyanın paytaxtı Londonda şahmat üzrə iddiaçılar turnirinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov Levon Aronyanla qarşılaşıb.

İlk görüşdə ermənistanlı rəqibinə uduzan həmyerlimiz təəssüf ki, bu dəfə də Aronanı məğlub etməyi bacarmayıb. Beləliklə, Rəcəbov Londonda keçirilən iddiaçılar turnirini sonuncu pillədə başa vurub.

Norveçli qrossmeyster Maqnus Karlsen sonuncu turda Petr Svidlerə uduzsa da, turnirin qalibi olub. Belə ki, onunla eyni xala malik rusiyalı Vladimir Kramnik də Vasili İvançukla oyunda məğlubiyyətdən yaxa qurtara bilməyib.

Nəticədə 23 yaşlı qrossmeyster qələbə sayında birinci olaraq, dünya şahmat tacı uğrunda görüşdə hazırkı çempion, hindistanlı Vişvanatan Anandla qarşılaşacaq.

Digər görüşdə isə Boris Gelfandla Aleksandr Qrişuk sülh bağlayıb.

Qeyd edək ki, ümumi mükafat fondu 510 min avro olan turnirdə mübarizə aparan zəka sahibləri bir-biriləri ilə 2 dəfə - həm ağ, həm də qara fiqurlarla üz-üzə gəlib.

29 mart
XIV tur

Teymur Rəcəbov (Azərbaycan, 2793) - Levon Aronyan (Ermənistan, 2809) – 0:1
Maqnus Karlsen (Norveç, 2872) - Petr Svidler (Rusiya, 2747) - 0:1
Vasili İvançuk (Ukrayna, 2757) - Vladimir Kramnik (Rusiya, 2810) - 1:0
Boris Gelfand (İsrail, 2740) - Aleksandr Qrişuk (Rusiya, 2764) – 0,5:0,5

Xal durumu: Karlsen, Kramnik – 8,5, Aronyan, Svidler – 8, Qrişuk, Gelfand – 6,5, İvançuk – 6, Rəcəbov,– 4.