01:40 02-04-2013
news_image
912
STOLÜSTÜ OYUNLAR

“Mən belə mübarizəni gözləyirdim” - MÜSAHİBƏ

Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İllümjinovun Lent.az-a eksklüziv müsahibəsi

- Turnirin qalibi son turda müəyyənləşdi. Belə sonluğu gözləyirdiniz?
- Belə sonluğun olacağını öncədən düşünmək, güman etmək mümkün deyildi. Axırıncı turda iki lider uduzur. Biri ağlarla, biri qaralarla. Həqiqətən də hər şey dramatik idi. Hər iki lider eyni xalla qalır, amma qalib adını daha çox qələbəsi olan Karlsen qazanır. Çox maraqlı idi.

- Düşünmürsünüz ki, İddiaçılar Turnirinin həlledici fiquru Vasili İvançuk oldu?
Elədir. İvançuk hər iki lideri məğlub etdi. Hərçənd, özü 8 şahmatçı arasında 7-ci yeri tutdu.

- Turnir istədiyiniz kimi alındı?
- Bəli. Çox maraqlı, gərgin yarış izlədik. Fikrimcə, hazırkı sistem özünü doğrultdu. Burada heç kim təsadüfi məğlubiyyətdən şikayətlənə bilməzdi. 14 turluq mübarizə nəticəsində qalib müəyyənləşdi. İddiaçılar Turnirini gələcəkdə də bu sistemlə keçirəcəyik.

- Bəs təəssüratlarınız necədir?
- Turnir əzəmətli alındı. İlk turda bütün görüşlərdə heç-heçə qeydə alınmışdı. Düşünmək olardı ki, belə də davam edəcək. Amma sonrakı turlarda hər bir iştirakçının qələbəyə kökləndiyini, birinci yeri hədəflədiyini gördük. Mən belə mübarizəni gözləyirdim. Çünki 8 şahmatçı cəmi 1 yer uğrunda vuruşurdu, yaxşı mükafat fondu (510 min avro – E.M.) var idi. Hər bir iştirakçıdan yaxşı nəticə gözləmək olardı.

- Teymur Rəcəbovun psixoloji cəhətdən bir qədər “sındığını” düşünmürsünüz?
Prinsipcə, bir qədər təsirləndiyini demək olar. Hərçənd, onun yarışa köklənməsi hamıdan yaxşı idi.

- Turnir SOCAR-ın sponsorluğu ilə baş tutdu. Azərbaycan şirkəti ilə əməkdaşlıqdan razı qaldınız?
- Biz sponsorluq etdiyi üçün SOCAR-a çox minnətdarıq. Son zamanlar bu şirkət təkcə şahmata deyil, digər idman növlərinə də diqqət ayırır. Mən tez-tez Bakıda oluram. Hər dəfə SOCAR-ın şahmatın inkişafı üçün çox iş gördüyünün şahidi oluram. Azərbaycan şirkəti təkcə İddiaçılar Turnirinə deyil, şahmata dəstək verir. Bu yarışa sponsorluq çoxlarına böyük məmnunluq bəxş etdi. Gələcəkdə də əməkdaşlığımızı davam etdirəcəyik.

- Növbəti İddiaçılar Turnirinin Bakıda keçirilməsi mümkündür?
- Niyə də yox? Bakıda 2015-ci ildə Dünya Kuboku, 2016-cı ildə isə Şahmat Olimpiadası keçirəcəyik. Paytaxtınızda Şahmat Sarayı tikiləcək.

- Amma Ermənistan şahmatçısı Levon Aronyan Bakıya gəlmək istəmirdi...
- Kimin gəlmək istəmədiyini deyə bilmərəm. Hesab edirəm ki, şahmat oynamaq lazımdır. Ona görə də mövqeyim birmənalıdır: Hansısa siyasi məsələlərə rəğmən, hər yerdə şahmatı inkişaf etdirmək və populyarlaşdırmaq lazımdır. Biz İrəvanda da, Bakıda da turnirlər keçiririk. Bu yaxınlarda Fələstində Şimali və Cənubi Koreya arasında şahmat yarışı təşkil edəcəyik. Bizim üçün hamı eynidir.

- Mayda Bakıda FİDE-nin Prezident Şurasının iclası keçiriləcək. Toplantının gündəliyi məlumdur?
- Gündəlik hazırlanır və rəsmi saytımızda dərc olunacaq. Əsasən, dünya şahmat tacı uğrunda Maqnus Karlsenlə Vişvanatan Anand uğrunda görüş, qadınlar arasında dünya çempionatı, Şahmat Olimpiadasına hazırlıq müzakirəyə çıxarılacaq.

- Bu yaxınlarda Bakıya etdiyiniz səfər də Prezident Şurasının növbəti iclası ilə əlaqədar idi?
- Bəli. 9 - 11 apreldə Şahmat Olimpiadası ilə bağlı Təşkilat Komitəsinin iclası keçiriləcək.