16:21 03-04-2013
news_image

Stadniklər 3 ölkəyə medallar qazandırır

Azərbaycan millisinin güləşçisi Mariya Stadnik ailəvi het-trikin qeydə alınmasına mane olub. Apasport.az saytının məlumatına görə, ötən ay Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında çıxış etməyən xanım idmançımızın bu addımı Stadniklər ailəsinin bu turnirdə 3 deyil, 2 medalla kifayətlənməsi ilə nəticələnib.

Belə ki, ikinci dəfə analıq məzuniyyəti ilə əlaqədar karyerasında fasilə yaranan Mariyanın qohumları Tiflisdə uğurla çıxış edib. Onun baldızı Yana yalnız finalda uduzaraq, Gürcüstandan gümüş medalla qayıdıb. Təmsilçimizlə eyni ailənin gəlini olan Alina isə həlledici görüşdə də rəqib tanımayıb. Bir qızıl, bir gümüş qazanan Stadniklər ailəsinin ən böyük medal ümidi olan potensial çempionluğu əldən verdiyindən mükafatların sayı 3-ə çatmayıb.

Əslən ukraynalı olan Mariyanın ailəsinin güləşdəki bu hegemonluğu bütün Avropanın da diqqətini cəlb edib. Bunun nəticəsidir ki, onlar 3 müxtəlif ölkə - Azərbaycan, Böyük Britaniya və Ukrayna üçün medallar qazanır.

Stadniklərin bu uğuruna xüsusi yazı həsr edən ukraynalı həmkarlarımız güləşçimizin həyat yoldaşı, tanınmış pəhləvan olan Andreyin fikirlərinə də yer verib. Artıq karyerasını bitirən güləşçi ailə üzvlərinin titullarını dəyərləndirib: “Ailəmizdə 5 uşaq olmuşuq. Böyük qardaşım Volodya da güləşirdi. O, universiadanın qalibi və gənclər arasında Ukrayna çempionatının mükafatçısı olub. Bacım Alla da onun kimi ölkə çempionatının fəxri kürsüsünə qalxa bilib. Digər bacım Yana Böyük Britaniya yığmasının heyətində Avropa çempionatında ilk mükafatçılar sırasında yer alıb. Balaca qardaşım Roma isə ötən ay Tiflisdə keçirilən qitə çempionatının qalibi olan Alina Stadnik-Maxinyanın əridir. Özümün ən böyük uğurum isə Olimpiadanın gümüş medalıdır. Ailəmizdə ən titullu idmançısı isə həyat yoldaşım, Azərbaycan yığmasının şərəfini qoruyan Mariyadır. O, dünya çempionu və Olimpiya Oyunlarının ikiqat mükafatçısıdır”.