15:10 06-04-2013
news_image
1234
DİGƏR NÖVLƏR

Azərbaycan çempionatında 14:1 hesabı

Bu gün yüksək dəstədə yarışan kişi ötüstü hokkey klubları arasında açıq Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur Rusiyanın “XK Tana” (Azov) və ölkə çempionu “Akkord” komandalarının dueli ilə əlamətdar olub.

Belə ki, görüşündə hamı şirkət təmsilçilərinin asanlıqla qalib gələcəyini gözləyirdi. Çünki bu rəqiblər arasında keçirilən ilk oyunda “Akkord” asanlıqla qələbə qazanmışdı - 3:0. Düzdür, bu günkü qarşılaşmanın birinci hissəsində Bakı hokkeyçiləri Ramin Mayılovun vurduğu qol sayəsində fasiləyə üstün yollanıblar. Lakin ikinci hissənin əvvəlində Əsgər Əsgərov hesabı 2:0-a çatdırdıqdan 1 dəqiqə sonra “Tana”nın oyunçusu Kirill Derevyançenko hesab arasındakı fərqi minimuma endirib. Qələbəyə vaxtından əvvəl arxayınlaşan “Akkord” hokkeyçiləri sona 3 dəqiqə qalmış isə rəqibin bərabərlik qolundan qaça bilməyiblər. Bu dəfə “Tana” klubunun kapitanı Aleksandr Petruk dəqiq zərbə vurub. Qalan vaxt ərzində payaxt təmsilçilərinin aramsız hücumları nəticəsiz qalıb və oyun 2:2 hesabı ilə başa çatıb. Rusiyanın Azov şəhərini təmsil edən “XK Tana” bu günkü heç-heçədən sonra xal ehtiyatını 16-ya çatdıraraq, yenə də yarış cədvəlinin önündədir. Son 2 turu heç-heçə başa vuran “Akkord” 15 xalla II yerdədir.

Turun növbəti oyunu Bakının “Atasport” və Sumqayıtın “Gənclik” komandaları arasında baş tutub. Təcrübə bu dəfə də öz sözünü deyib. Paytaxt hokkeyçiləri 21 yaşınadək oğlanlardan təşkil edilən Sumqayıt təmsilçilərini 14:1 hesabı ilə məğlubiyyətə uğradıblar. Topları rəqib qapısından Sahib Mirzəyev (4), Əli Nadirov (3), Abbas Nəsirov (2), Aqil Məmmədov, Ruslan Kargin, Kamran Hüseynov, Aydın Qəhrəmanov və Elvin Əhmədov (avtoqol) öz qapısından keçirib. Sumqayıtlılardan yeganə təsəlli qolunun müəllifi Şahin Atakişiyev olub. Bu oyundan sonra “Atasport” 11 xal toplayaraq yenə də 3-cü yerdədir. Aktivində cəmi 3 xalı olan “Şahdağ” və “Gənclik” komandaları müvafiq olaraq, IV və V yerləri tuturlar.

Qeyd edək ki, yarışda növbəti turun oyunları aprelin 8-də keçiriləcək. Həmin gün saat 12:00-da “XK Tana” və “Atasport” klubları qarşılaşacaq. Növbəti görüş isə saat 13:30-da “Akkord”la “Şahdağ” (Qusar) hokkeyçiləri arasında olacaq.