17:48 11-04-2013
news_image
818
DİGƏR NÖVLƏR

Rusiya klubu Azərbaycan çempionatında ilk dövrəni lider kimi bitirdi

Yüksək dəstədə yarışan kişi ötüstü hokkey klubları arasında açıq Azərbaycan çempionatının I dövrəsində III turdan təxirə salınan sonuncu oyun keçirilib. Apasport.az saytının məlumatına görə, Qusarın “Şahdağ” və Bakının “Atasport” komandalarının görüşündə paytaxt təmsilçisi qalib gəlmək üçün çox çətinlik çəkməyib.

Rəqiblərin ilk turdakı oyununda olduğu kimi, “Atasport” bu dəfə də 3:1 hesabı ilə qələbə qazanıb. Görüşün birinci yarısında Abbas Nəsirov və Əli Nadirovun vurduğu qollara Qusar hokkeyçisi Yalçın Qayıbov bir topla cavab verə bilib. İkinci hissənin ortalarında Sahib Mirzəyev hesab arasındakı fərqi yenidən 2 topa çatdırıb və bununla da “Atasport”un 3:1 hesablı qələbəsini rəsmiləşdirib.

Beləliklə, Azərbaycanın açıq çempionatında birinci dəfə iştirak edən Rusiyanın Azov şəhərini təmsil edən “XK Tana” 19 xalla birinci dövrəni lider kimi başa vurub. Rəqibindən 1 xal geri qalan ölkə çempionu “Akkord” II yerdədir (bütün rəqiblərini məğlubiyyətə uğradan Rusiya hokkeyçiləri yalnız “Akkord”la oyunlarda 5 xal itiriblər). “Atasport” 14 xalla yarış cədvəlinin III pilləsində qərarlaşıb. Qusar hokkeyçiləri 3 xalla 4-cü, topların fərqinə görə “Şahdağ”dan geri qalan Sumqayıtın “Gənclik” komandası isə sonuncu - 5-ci yeri tutur.

Ölkə çempionatının yüksək dəstəsində çıxış edən kişi hokkeyçilərdən ibarət klublar ikinci dövrənin oyunlarını sentyabr-oktyabr aylarında keçirəcəklər.