14:56 12-04-2013
news_image
1004
STOLÜSTÜ OYUNLAR

“Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasının ən böyük yarış olacağını düşünürəm”

“2016-cı ildə Azərbaycanda keçiriləcək Şahmat Olimpiadasının iştirakçı sayına görə ən böyük beynəlxalq yarış olacağını düşünürəm”. Apasport.az saytının məlumatına görə, bunu Beynəlxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov deyib.

Ölkəmizdə səfərdə olan FİDE rəhbəri 2016-cı ildə Bakıda keçiriləcək Şahmat Olimpiadası haqda fikirlərini açıqlayıb.

3 il sonra baş tutacaq turnir haqda proqnoz verən İlyumjinovun fikrincə, bu, böyük şahmat tədbiri olacaq: “Olimpiadaya 180-dən çox ölkədən 2500 şahmatçı gələcək. Məsələn, bundan öncə Türkiyədə keçirilən Şahmat Olimpiadasında 168 ölkə təmsil olunmuşdu. Böyük turnirlərdə iştirakçı sayına görə FİDE Yay Olimpiya Oyunlarından sonra 2-ci yerdədir”.

Azərbaycan Şahmat Federasiyasını dinamik qurumlardan biri hesab edən FİFA prezidenti Olimpiadanı keçirmək istəyən ölkənin 6 il öncədən sifariş ərizəsini verdiyini söyləyib: “Azərbaycan Şahmat Federasiyası son vaxtlar dinamik inkişaf edir, şahmat üçün xeyli işlər gördüyü üçün növbəti Olimpiadaya ev sahibliyini Azərbaycana verdik. İlham Əliyev yeganə dövlət başçısıdır ki, şahmatın inkişafı ilə bağlı Dövlət Proqramı imzalayıb. Bu proqram şahmat məktəblərində tədris olunur. Bir çox şəhərlərdə, rayon mərkəzlərində şahmat klubları açılır. Bakıda Qran-Pri turniri də keçirilib. Nəticədə Şahmat Olimpiadasının Azərbaycanda keçirilməyinə hamı yekdilliklə səs verdi”.

İlyumjinov Ermənistanın iştirakı ilə bağlı məsələyə də toxunub: “Ermənistan Şahmat Federasiyası prezidenti Serj Sarkisyana müraciət etdik. Oradakı jurnalistlər mətbuat konfransında təhlükəsizlik məsələsini qaldırdılar. Ermənilərə dedim ki, mən FİDE prezidenti kimi Bakıda bütün təhlükəsizliyə təminat verirəm. Turniri keçirən hər bir ölkə həm təşkilatçılığa, həm də təhlükəsizliyə cavabdehdir. Şahmat ölkələri birləşdirir və İlham Əliyev bu yöndə böyük işlər görür”.