18:00 12-04-2013
news_image
712
DİGƏR NÖVLƏR

Azərbaycanlı ikiqat olimpiya çempionu barədə film çəkilir

Yeganə azərbaycanlı ikiqat olimpiya çempionu İlqar Məmmədov haqqında sənədli filmin çəkilişlərinə başlanılıb. Bu haqda Lent.az-a onun atası, Azərbaycan Qılıncoynatma Federasiyasının I vitse-prezidenti Yaşar Məmmədov məlumat verib.

Y.Məmmədovun sözlərinə görə, məşhur rapiraçı barədə film Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə rusiyalı kinomatorqrafçılar tərəfindən çəkilir. Əsərin ssenari müəllifi Yevgeni Boqatıryov, rejissoru Arzu Məmmədovdur. Filmin ilin sonunadək ərsəyə gələcəyi gözlənilir. Artıq Bakı mərhələsi başa çatıb.
İ.Məmmədov çəkilişlərdə iştirak etmək üçün bir neçə gün öncə Azərbaycan paytaxtında olub. Onun yaşadığı məhəllə, Bilgəhdəki bağ evi və Dənizkənarı Bulvardakı Kiçik Venesiya şəhərciyində çəkilişlər aparılıb. Amma veteran idmançının təhsil aldığı 23 saylı orta məktəb və məşq etdiyi “Dinamo” Cəmiyyətinin köhnə binasında çəkilişlər baş tutmayıb. Səbəb hər iki obyektin sökülməsidir.

Bundan sonra Rusiyanın Kazan şəhərində keçiriləcək Universiadada və noyabrda Fransanın paytaxtı Parisdə baş tutacaq qılıncoynatmanın 100 illiyi ilə bağlı tədbirlərdə də çəkilişlər aparılacaq.

Qeyd edək ki, İlqar Məmmədov hazırda Rusiyanın qılıncoynatma üzrə milli komandasının baş məşqçisi postunda çalışır. O, rapira komandasının tərkibində çıxış edərək, 1988-ci ildə SSRİ, 1996-cı ildə isə Rusiya yığması ilə olimpiya çempionu olub. İ.Məmmədov həm də dünya və 4 qat Avropa çempionudur.