10:44 16-04-2013
news_image

Millimiz Avropa çempionatına 14 taekvondoçu ilə yollanır

Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşadək taekvondoçu oğlan və qızlar arasında Avropa çempionatı keçiriləcək. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, aprelin 18-21-də keçiriləcək qitə çempionatında Azərbaycan millisi də iştirak edəcək.

Qadınlardan ibarət millinin baş məşqçisi Gündüz Abdullayev, gənclərin baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçilər Elnur Amanov və Təvəkkül Bayramov yarışda 8 oğlan və 6 qızdan ibarət heyətə güvənəcək. Çalışdırıcıların qərarına əsasən Mikayıl Əliyev (54 kq), Məcid Sofiyev (58 kq), Səbuhi İsmayılzadə (63 kq), Hüseyn Mehralıyev (68 kq), Səid Quliyev (74 kq), Ramin Abdullayev (80 kq), Ceyhun Həsənli, Aydın Bəhməlov (hər ikisi 87 kq), Təranə Məmmədova (46 kq), Patimat Abakarova (49 kq), Günay Ağayeva (53 kq), Aytən Səmədli (62 kq), Fəridə Əzizova (67 kq) və Marina Tedeyeva (73 kq) səfərə aparılacaq.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov yarışdan əvvəl Avropa Taekvondo İttifaqının İcraiyyə Komitəsinin iclasında iştirak edəcək. ATF-in digər vitse-prezidenti Niyaməddin Paşayev də Moldovaya gedəcək. Beynəlxalq dərəcəli hakim Elşad Məmmədov isə Avropa çempionatını idarə edənlər arasında olacaq.