15:41 19-04-2013
news_image
786
DİGƏR NÖVLƏR

Azərbaycanda Su İdmanı Sarayının təməli qoyulub

Azərbaycan prezidenti İlham Əliyev aprelin 19-da Bakıda Su İdmanı Sarayının təməlqoyma mərasimində iştirak edib.

APA-nın məlumatına görə, dövlət başçısı sarayın tikintisində iştirak edəcək xarici mütəxəssislərlə görüşüb.

Gənclər və idman naziri Azad Rəhimov layihənin texniki göstəriciləri haqqında Azərbaycan Prezidentinə məlumat verib. Bildirilib ki, sarayın layihəçisi Koreya Respublikasının “Securo CO.LTD” şirkətidir.

Məlumat verilib ki, oval formada tikiləcək binanın ümumi sahəsi 45 min 929 kvadratmetr, tikili altı sahəsi 13,810 kvadratmetr, hündürlüyü isə 35,2 metr olacaq.

6028 tamaşaçı yeri olacaq sarayda üç üzgüçülük hovuzu, fitnes zal, restoran, konfrans zalı, duş otaqları, Beynəlxalq Üzgüçülük Federasiyasının tələblərinə uyğun digər işçi və köməkçi otaqlar tikiləcək. Zirzəmidən və tribunaları dəmir-beton konstruksiyadan ibarət olacaq kompleksin 9 ballıq zəlzələyə davamlılığı nəzərə alınıb.

Sarayın ərazisində avtomobil dayanacağı tikiləcək, yaşıllıq zolaqları salınacaq, istirahət guşələri yaradılacaq. Sarayda müasir idman avadanlığı, inventarlar, ventilyasiya sistemi, nəmalma qurğusu, siqnalizasiya, təhlükəsizlik müşahidə kameraları, liftlər quraşdırılacaq, əraziyə giriş-çıxış yolları çəkiləcək.

Dövlət başçısı metal gilizi bünövrəyə buraxıb, beton qarışığı tökən qurğunun düyməsini basıb.