12:45 22-04-2013
news_image
1297
DÖYÜŞ NÖVLƏRİ

Saypulla Absaidov: Məni heç kim istefaya göndərməyib

“İstefam barədə heç bir qərar qəbul edilməyib. Bu mövzuda mənimlə hansısa söhbət olmayıb”. Apasport.az saytının məlumatına görə, bunu sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçisi Saypulla Absaidov deyib.

Gürcüstanda keçirilən Avropa çempionatında zəif çıxışdan sonra baş üzərini “qara buludlar” alan dağıstanlı mütəxəssis mətbuatda istefaya göndərilməsi barədə yayılan xəbərlərə münasibət bildirib. Absaidov wrestdag.ru saytına açıqlamasında deyib ki, belə söz-söhbətlər komandasında ab-havanı pozmağa hesablanıb: “Mən əvvəlki kimi millidə fəaliyyətimi davam etdirirəm. KİV-də yerimə əvəzləyici axtarılması haqda yazılanlar yığmadakı normal, işgüzar ab-havaya təsir göstərir. Komandanın ətrafında mənfi fon yaradır”.

2009-cu ildən yığmamızı çalışdıran Olimpiya çempionu Azərbaycanda getməyə hazır olduğunu bir daha etiraf edib: “Mən vəzifəmdən yapışıb durmamışam. İstənilən vaxt istefa verməyə hazıram. Lakin şayiələrə, istefamla bağlı qərar vermək səlahiyyətləri olmayanların açıqlamalarına görə millini atmaq məsuliyyətsizlik olardı. İndi mən Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Namiq Əliyevlə görüşü gözləyirəm. Gələcək əməkdaşlığımız üçün onun fikri həlledici olacaq”.

Qeyd edək ki, Tiflisdə keçirilən Avropa çempionatında sərbəst güləş üzrə yığmamızın cəmi 2 bürünc medal qazanmasından sonra Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov saytımıza müsahibəsində komandanın çıxışından razı qalmadıqlarını və burada məşqçilər korpusunu günahlandırıldığını demişdi. O, baş məşqçi Absaidovun istefaya göndərilə biləcəyini də istisna etməmiş, bununla bağlı federasiya rəhbərliyinin qərar verəcəyini və komandanın güclənməsi üçün bütün tədbirləri görəcəklərini vurğulamışdı.