23:01 22-04-2013
news_image
1614
DÖYÜŞ NÖVLƏRİ

Nağı Səfərov: İndi bizdə belə komanda yoxdu - MÜSAHİBƏ

Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərovun apasport.az saytına müsahibəsi

- Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşadək oğlan və qızlar arasında keçirilən Avropa çempionatına yekun vuruldu. Yarışda 2 qızıl medal qazanan yığmamızın çıxışını necə qiymətləndirirsiniz?
- Yarışa 14 idmançı ilə yollanmışdıq. Avropa çempionatı bizim üçün sınaq xarakteri daşıyırdı. Təbii ki, test turnirində 2 qızıl medalın olması bizi tam qane edir. Çünki turnirdə bəzi idmançılarımız medal döyüşlərində məğlub oldular. Şansızlıq onların tərəfində oldu. Əgər idman şansı təmsilçilərimizin üzünə gülsəydi, medallarımızın sayı daha da çox ola bilərdi.

- Yəni, ümidləri doğrultmayan olmadı...
- Belə deyək, biz qarşıya qoyulan məqsədə çatdıq və idmançılardan gözlənilən nəticəni aldıq. Düzdür, Aydın Bəhməlovdan (87 kq) nəticə gözləyirdik. Amma o, həqiqi hərbi xidmətdə olduğuna və əsgərlikdən yeni qayıtdığına görə məşqlərdə az olmuşdu. Bunun üçün də medal döyüşündə uduzdu. Qızlardan ibarət komandamızdan daha çox medal gözləyirdik. Amma burada da 2 idmançı 3-cü yer uğrunda döyüşdə uduzdu.

- Bəs Moldovaya yollanan legionerlərimiz barədə fikirləriniz necədir?
- Bəli, komandamızın heyətində Patimat Abakarova (49 kq) da səfərə yollanmışdı. Həmçinin, yığmamızda daha bir idmançı – Darya da var. Onlar düşərgəmizə yeni gəliblər və Patimat Avropa çempionatında sınamağa qərar verdik. O da məğlub oldu. Lakin bu taekvondoçular qalib gəlib və ya uduzmalarına baxmayaraq, artıq millimizin üzvləridir. Yəni komandamızın şərəfini qorumağa davam edəcəklər.

- Böyüklərdən ibarət millimizlə bağlı nə deyə bilərsiz? Hazırda onları hansısa ciddi sınaq gözləyirmi?
- Onlar sabahdan təlim-məşq toplanışına başlayacaqlar. Moldovada olan idmançılar da qayıdacaqlar. Çünki Kişinyova yollanan taekvondoçuların bəziləri gənclər, bəziləri böyüklərdən ibarət komandada yer alırlar. İlk hazırlıqlar Bakıda Taekvondo Mərkəzində olacaq. Mayın 2-də isə yığma İspaniyaya yola düşəcək. Onlar burada açıq ölkə çempionatında mübarizə aparacaqlar.

- Əsas komandamızı da gücləndirmək üçün yığmaya legionerlər cəlb olunub. Sizcə, onlar özlərini doğrulda biləcəklərmi?
- Hazırda həmin idmançılar əsas komanda ilə birgə məşq edirlər. Nəticə barədə nəsə demək hələ tezdir, amma böyük ümidlərimiz var. Legioner həm də o demək deyil ki, gəlmədirsə həddən artıq güclüdür. Çünki həmin idmançını hansısa ölkə də digərinə verməz.

- 2 il öncə də millimizə Cənubi Koreyadan da əcnəbilər gətirilmişdi. Lakin həmin vaxt yığmanın baş məşqçisi Ələkbər İmaməliyev bildirdi ki, əcnəbilərin çəkisində yerli uşaqlar daha güclüdür...
- Yeni idmançılarımız onlardan fərqlidir. Əgər koreyalılar öz vətənində məşq edib, yarışdan-yarışa Azərbaycan gəlirdisə, indi komandamıza Dağıstan və Rusiyadan qoşulanlar daim milli ilə birgədir.

- Artıq Olimpiya tsiklinə start verilib. Sizcə, yığma artıq formalaşıb, yoxsa komandaya hələ yeni legionerlər və ya yerlilər cəlb olacaq?
- Ola bilsin ki, yenə yeni idmançılar dəvət olunsun. Çünki Azərbaycan millisində çıxış etmək üçün müəyyən taekvondoçular maraq göstərirlər. Bu, ola bilər.

- London Olimpiadası ərəfəsində Cənubi Koreyadan kişilər və qadınlardan ibarət yığmalarımıza ayrıca mütəxəssis cəlb olunmuşdu və onlar Olimpiya komandamıza cavabdehlik daşıyırdılar. Bu təcrübə bitdi, yoxsa yenə tətbiq olunacaq?
- Artıq bizdə belə komanda yoxdur. Əvvəlki kimi əsas yığmalardır və onların da öz baş məşqçiləri var. Artıq belə təcrübə yoxdur.