19:38 25-04-2013
news_image
4280
DÖYÜŞ NÖVLƏRİ

Nicat Şıxəlizadə də medal qazana bilmədi - YENİLƏNİB

Bu gün Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Avropa çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışının ilk günündə tatami üzərinə 3 cüdoçumuz çıxıb.

Kişilər

60 kq
Vüqar Şirinli Avropa çempionatına uğurla başlayıb. İlk mərhələdə Yuho Reynvallı (Finlandiya) sınağa çəkən həmyerlimiz rəqibinə heç bir şans verməyib. O, finlandiyalı cüdoçunu cəmi 41 saniyəyə ippona salıb.

Şirinli növbəti görüşdə gürcüstanlı Amiran Papinaşvili ilə münasibətinə aydınlıq gətirib. Təəssüf ki, təmsilçimiz birinci döyüşündəki uğurunu təkrarlaya bilməyib və məğlubiyyətə üzülüb. O, bu dəfə 5 dəqiqənin yekununda özü ippona düşüb.

66 kq
Budapeştdə medal ümidlərimizdən olan Nicat Şıxəlizadə birinci görüşünü Aleksander Vayxingerə (Avstriya) qarşı keçirib. Gərginliyi ilə fərqlənən döyüşdə həmyerlimizin 1 vazari fəndi həlledici olub və o, mərhələ adlayıb.

Nicat növbəti qarşılaşmasında Nikola Qusiçə (Çernoqoriya) qalib gələn Denis Kozlovla (Latviya) üz-üzə gəlib. İdmançımız rəqibini tatamiyə çıxmağa peşman edib. Şıxəlizadə 57 saniyəyə Denisi ippona salıb.

Onun 1/4 finalda rəqibi portuqaliyalı Serjiu Oleynik olub. Nicat yenə də qalib ayrılıb. Təmsilçimiz Oleynikin yuko fəndinə vazari ilə cavab verərək, yarımfinala yüksəlib.

Nicat çempionluğa gedən yolda gürcüstanlı Laşa Şavdatuaşvili ilə güləşəcək. İdmançımız olimpiya çempionu ilə görüşdə vazari fəndi ilə hesabda öndə olsa da, ani diqqətsizliyi ucbatından ippona düşüb.

Bürünc medal uğrunda mübarizədə isə Şıxəlizadə fransalı idmançı Dimitri Draqinlə üz-üzə gəlib. Təəssüf ki, Nicat bu görüşdə də rəqibinə uduzub.

Qadınlar

57 kq
Komandamızın səfərə yalnız kişi cüdoçularla yollanacağı bildirilsə də, Peter Zayzenbaher son anda yenə heyətə əl gəzdirib və yığmamızın lideri Kifayət Qasımovanı da Avropa çempionatına aparıb. İdmançımız püşkün nəticəsinə görə ilk mərhələdə rumıniyalı Onai Loredana ilə üz-üzə gəlib. Lakin o yenə ümidləri doğrultmayıb.

Kifayət ilk görüşdəcə məğlubiyyətə üzülüb. O, görüşün başa çatmasına 11 saniyə qalmış ippona düşüb və çempionatla vidalaşıb.

Qeyd edək ki, 4 gün davam edəcək yarışda Azərbaycan 10 cüdoçu ilə təmsil olunur.