22:07 26-04-2013
news_image
799
DİGƏR NÖVLƏR

“Synergy Baku Cycling Project”in təqdimatı keçirildi

Bu gün Azərbaycanın “Synergy Baku Cycling Project” velosiped komandasının təqdimat mərasimi keçirilib. Apasport.az saytının məlumatına görə, tədbiri giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov ölkəmizdə bu idman növünün inkişafı sahəsində atılan addımlar haqda məlumat verib.

O bildirib ki, ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın bütün növlərinin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində velosiped idmanı da son vaxtlar öz dirçəliş növünü yaşamaqdadır: “Son 1 ildə federasiya tərəfindən bu idmanın populyaşdırılması, onun maddi-texniki bazasının gücləndirilməsi, beynəlxalq əlaqələrinin genişləndirilməsi, habeli təbliğatı istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Həmin tədbirlər sırasında Azərbaycanın ilk peşəkar velosiped komandasının - “Synergy Baku Cycling Project”in yaradılması xüsusi yer tutur. Ölkəmizin ilk peşəkar velosiped klubunu formalaşdırmaqda məqsəd beynəlxalq yarışlarda iştirak etməklə ölkəmizi dünyada daha geniş tanıtmaq və təbliğ etmək, Azərbaycanda bu idman növünə marağın artırılmağına nail olmaqdır. Biz yaxın gələcəkdə velosipedçilərimizin peşəkarlıq səviyyəsini durmadan yüksəltmək, onların 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiadada iştirakına nail olmaq və beynəlxalq yarışlarda yaxşı nəticələr əldə etmək niyyətindəyik”.

Təqdimatda ötən ilin sonlarında yaradılmış “Synergy Baku Cycling Project”in yaradılmasından keçən qısa müddət ərzində qazanılmış nailiyyətlər haqda məlumat verilib. Komandanın “Tour de Langkawi” (Malayziya), “Tour de Taiwan” (Tayvan), “Tour of Thailand” (Tailand), “Le Tour de Filippines” (Filippin), “Melaka Governors Cup” (Malayziya), “Rutland GP” (Böyük Britaniya) kimi mötəbər yarışlarda uğurlu çıxışlarının ümidverdici olduğu bildirilib. Komanda heyətinə Elçin Əsədov, Samir Cəbrayılov, David Klarke”, Dan Craven, Con Ebsen, Tural İsgəndərov, Teymur İsmayılov, Anuar Manan, David McCann, Connor McConvey, Ruslan Mustafayev, Elvin Nağıyev, Kiril Pozdnyakov, Rico Rogers, Kristof Şvayzer, Aleksandr Surutkoviç daxildir. “Synergy Baku Cycling Project”ə rəhbərliyi uzun müddət İngiltərənin SKY komandasında böyük təcrübə toplamış Ceremi Hant həyata keçirir.

“Synergy Baku Cycling Project” bir neçə gündən sonra ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan “Tour d Azerbaidjan” beylnəlxalq velosiped turunda iştirak edəcək. Turun rəsmi açılışı və iştirakçı komandaların təqdimatı aprelin 30-da Dənizkənarı Milli Parkda keçiriləcək.