19:09 27-04-2013
news_image
1279
DÖYÜŞ NÖVLƏRİ

Bürüncün 1 addımlığında

Macarıstanın paytaxtı Budapeştdə keçirilən cüdo üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışının 3-cü günündə mübarizəyə daha 5 cüdoçumuz qoşulub.

90 kq
Bu çəkidə yığmamızı 2 idmançı təmsil edib. 1/16 finaldan mübarizəyə başlayan təmsilçilərimizdən Şahin Qəhrəmanov ilk dueldə fransalı Aleksandr İddirə 4 dəqiqə 26 saniyəyə uduzub. Şehməd Məhəmmədov ilk görüşdə israilli Alon sassondan üstün olub. Təmsilçimizə bunun üçün 3 dəqiqə 36 saniyə kifayət edib. Lakin litvalı Karolis Bauza ona “dərs keçib”. Rəqibi idmançımızı cəmi 23 saniyəyə döşəyə çırpıb.

100 kq
Hər 2 idmançımızın 1/16 finaldan mübarizəyə başladığı çəki dərəcəsində ilk itkimiz Elxan Məmmədov olub. O, hollandiyalı Henk Qarola 4 dəqiqə 26 saniyəyə uduzub. İlk döyüşündə qalib gələn Elmar Qasımov italiyalı Dominiko de Quidonu 3 dəqiqə 26 saniyəyə yerə vurub. Növbəti döyüşdə ukraynalı Artyom Bloşenkonu 4 dəqiqə 31 saniyəyə məğlub edən həmyerlimiz 1/4 finalda komanda yoldaşının qisasını Sassondan alıb. Bir yuko xalı geridə olan Elmar 3 dəqiqə 18 saniyədən sonra ippon fəndi ilə yarımfinala yüksəlib. Bu mərhələdə o, çexiyalı Pavel Krpaleklə üz-üzə gələcək.

Yarımfinalda mübarizəni 2 dəqiqə 30 saniyəyə dayandıran idmançımız bürünc uğrunda yarışmaq hüququ əldə edib. Burada o, latviyalı Yevgeni Borodavko ilə qarşılaşıb. Elmar 3 dəqiqə 22 saniyədən sonra ippona düşərək medalın 1 addımlığında qalıb.

+100 kq
Digər 2 çəkidən fərqli burada cəmi 1 idmançımız olub. 1/16 finalda estoniyalı Yuhan Metislə qarşılaşan Emil Tahirov cəmi 2 dəqiqə 26 saniyə duruş gətirərək ippona düşüb.

Qeyd edək ki, çempionatın ilk günündə Nicat Şıxəlizadə (66 kq) 5-ci olduğu halda, Vüqar Şirinli (60 kq) ikinci, Kifayət Qasımova (57 kq) birinci döyüşündə uduzub. Növbəti gün Hüseyn Rəhimli (73 kq) ilk, Tural Səfquliyev (81 kq) 2-ci döyüşündə uduzub.