13:24 29-04-2013
news_image
1570
DİGƏR NÖVLƏR

Azərbaycanlı nazir dünyanın ən böyük stadionunda

Gənclər və idman naziri Azad Rəhimovun Braziliyaya aprelin 21-dən başlanan səfəri başa çatıb. Apasport.az saytının məlumatına görə, nazirin səfəri aprelin 24-dən 26-dək Rio-de-Janeyro şəhərində davam edib.

Rəhimov burada Braziliya Dövlət Olimpiya Komitəsinin Prezidenti Marsio Forteslə görüşüb. Fortes rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verərək, 2016-ci ildə Rio-de-Janeyroda keçiriləcək Olimpiya və Parolimpiya Oyunlarına hazırlıq işlərindən danışıb. Nazir Bakıda 2015-ci ildə təşkil olunacaq I Avropa Oyunları haqqında danışaraq bu kimi beynəlxalq idman tədbirləri ilə əlaqədar 2 ölkə arasında təcrübə mübadiləsinin vacib olduğunu bildirib.

Rəhimov bundan sonra Rio-de-Janeyro-2016 Təşkilat Komitəsinin Xarici Əlaqələr üzrə direktoru, səfir Agemar Sanktorla görüşüb. Görüş zamanı Azərbaycan - Braziliya münasibətlərinin müşahidə olunan inkişafı, xüsusilə idman sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib. Sanktor Rio-de-Janeyro-2016-nın Təşkilat Komitəsinin qarşısında duran məqsəd və vəzifələr barədə məlumat verib. Nazir öz növbəsində, Azərbaycanda idman sahəsində aparılan siyasət və Olimpiya hərəkatına verilən əhəmiyyət barədə danışaraq, bu sahədə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi nöqteyi- nəzərindən müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin təşkil olunmasının əhəmiyyətini qeyd edib.

Ardınca nazir dünyanın ən böyük arenası olan “Marakana” stadionunu ziyarət edib və burada aparılan yenidənqurma işləri ilə tanış olub. Görüşlərdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov və Gənclər və İdman Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov da iştirak ediblər.