14:37 30-04-2013
news_image
2503
DİGƏR NÖVLƏR

I Avropa Oyunları: 19 növ, 6351 idmançı

2015-ci ildə Bakıda keçiriləcək I Avropa Oyunlarında idman növlərinin ilkin siyahısı və tarixi açıqlanıb. Apasport.az saytının məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov bu gün keçirilən mətbuat konransında.

O, Bakı-2015 Avropa Oyunlarının Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının ilk görüşünün sona çatmağı ilə bağlı keçirilən mətbuat konfransında bildirib ki, iyunun 12-28-də baş tutacaq ilk Oyunlarda 19 növ üzrə 6351 idmançı qüvvəsini sınayacaq.

Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma – 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şosse - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika – 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (350) növləridir. Avropa Olimpiya Komitəsinin Koordinasiya Komissiyasının sədri Spiros Kapralosun sözlərinə görə, bu, hələ yekun siyahı deyil.

Hazırda siyahının tamamlanması üçün danışıqların son mərhələsi gedir: “Atletika və boksla bağlı hələ tam qərar verməmişik. Amma müsbət nəticələr əldə olunacağını gözləyirik. Dəyişiklik olduqca məlumat verəcəyik. Əlavə idman növlərini daxil etmək baxımından Bakının da imkanlarını nəzərə almalıyıq”.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda – Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaq. Nazirin sözlərinə görə, komissiya üzvləri həmin idman qurğusu ilə tanış olublar və çox bəyəniblər.

İdman növlərindən çimərlik futbolu, 3X3 və karate qeyri-olimpiya, qalanları isə olimpiya təmayüllüdürlər. Bir neçə federasiya yarışların lisenziya xarakteri daşıyacağını bildirib. Avropa Oyunlarına təsnifat yarışları isə sonradan müəyyənləşdiriləcək. Hər hansı ölkənin təsnifatdan keçmiş idmançıları olmasa da, onlara 2 kişi və 2 qadın idmançı üçün güzəştli vəsiqə veriləcək. Ev sahibliyi edən dövlət isə bütün növlərdə təmsil olunmaq hüququna malikdir.

Rəhimov hazırda əksər növlər üzrə yığma komandalarımızın formalaşdırıldığını bildirib. O, yalnız triatlonun Azərbaycanda əhatə olunmadığını deyib: “Bu növ üzrə də çox vacib addımlar atmalıyıq. Triatlon üzgüçülük, velosiped idmanı və qaçışdan ibarətdir. Digər idman növləri üzrə yığmalarımız da var, bəzilərində yüksək nəticələrimiz də. Elə kamandan oxatma üzrə komandamız da formalaşır, onlar iştirak etdikləri son yarışlarda nəticələrini də yaxşılaşdırıblar. Basketbol Azərbaycanda yaxşı inkişaf yolu keçib, Avropanın yüksək divizionunda iştirak edirlər. Bu növə də ümidlərimiz çoxdur. Çünki 3X3 növü olacağından, nəticə qazanmaq olar. Velosiped növündə böyük inkişaf müşahidə olunur. İlk dəfə “Tur dAzerbaidjan” yarışı keçirilir. Stolüstü tennisdə yığmamız zəifdir, bu növə daha çox fikir verməliyik. Atletikanın bəzi növlərində də nəticələr göstərsəydik, yaxşı olardı”.