15:20 30-04-2013
news_image
1563
DİGƏR NÖVLƏR

Patrik Hikki: Bakının təşkilatçılıq etməsi bəxtəvərlikdir

Bu gün Bakı-2015 Avropa Oyunlarının Avropa Olimpiya Komitəsinin (AOK) Koordinasiya Komissiyasının ilk görüşünün başa çatması münasibətilə mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, EOC prezidenti Patrik Hikki, Koordinasiya Komissiyasının sədri, Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və baş məsləhətçi Daq Arnot iştirak ediblər.

Öncə Azərbaycan və onun idmanı ilə bağlı videoçarx nümayiş etdirilib. Rəhimov çıxışında Koordinasiya Komissiyasının iclası barədə danışıb: “İclas iki gün davam etdi. Dünən günün ilk yarısında Oyunların keçiriləcəyi idman obyektlərinə, idmançıların qalacaqları Olimpiya Kəndinə baxış keçirildi. Addımlar planı, yol xəritəsi və digər məsələlər müzakirə olundu. Artıq Olimpiya Kəndində bir mənzil tam hazırdır. Buraya Koordinasiya Komissiyası baxış keçirdi və onlar tərəfindən yüksək qiymətləndirildi. Bildirdilər ki, idmançılar belə şəraitli Olimpiya Kəndinə gəldikdən sonra Azərbaycandan qayıtmaq istəməyəcəklər. Biz də dedik ki, qala bilərlər. Həmçinin, açılış, bağlanış, medalların təqdimatı da müzakirə olundu”.

Günün ikinci yarısında isə Prezident İlham Əliyev Koordinasiya Komissiyasının üzvlərini qəbul edib. Nazirin sözlərinə görə, səmimi müzakirələr şəraitində keçən görüşdə qonaqlar Avropa Oyunlarına dövlət başçısı tərəfindən yüksək önəm verildiyinə şahid olublar və bunu çox bəyəniblər.

Bu gün isə Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva komissiya üzvlərini qəbul edərək, Avropa Oyunlarına hazırlıq barədə məlumat verib. Əliyeva aparılacaq və görüləcək işlərdən söhbət açıb. Rəhimov bildirib ki, əsas məqsəd birgə fəaliyyət nəticəsində Avropa Oyunlarını ən yüksək səviyyədə keçirmək və ən möhtəşəm idman tədbirinə ev sahibliyi etməkdir.

Hikki 2001-ci ildən etibarən Azərbaycana 5-ci dəfə gəldiyini və hər səfərində ölkəmizə məftun olduğunu deyib. Onun sözlərinə görə, Bakıda çox əsrarəngiz inkişaf var. Təşkilatçılığa gəldikdə, AOK prezidenti qeyd edib ki, bütün işlər çox dostcasına həyata keçirilib: “Biz çox bəxtəvərik ki, Azərbaycan Prezidenti eyni zamanda Milli Olimpiya Komitəsinin prezidentidir. Onunla görüşdük və əmin olduq ki, həqiqətən də belə bir komanda ilə işləmək bizim üçün şərəflidir və çox yaddaqalandır. Eyni zamanda Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva ilə görüşdük. O da Azərbaycan Gimnastika Federasiyasının prezidentidir, idman xadimidir. Bizim çox gözəl komandamız, ekspertlərimiz var. Əlimizdən gələni ortaya qoyaraq, işi yüksək səviyyədə görəcəyik”.

Hikki hazırlığın gedişindən hərtərəfli razı olduqlarını da bildirib: “Görüləcək işlərə dair çox yaxşı debatlar keçdi. Avropa Oyunlarına qalan 2 il əslində çox az müddətdir. Hazırlıq üçün 7 il lazımdır. Amma biz peşəkarları cəlb etməklə qısa vaxt ərzində məqsədlərimizə nail olacağıq. Biz Yay Olimpiya Oyunlarının surəti olmağı planlaşdırmırıq. Avropa Oyunlarına öz yanaşmamız olacaq. Bakının I Oyunlara təşkilatçılıq etməsi bir bəxtəvərlikdir. Bu irəliləyişi görəndən sonra digər ölkələr 2019-cu il Avropa Oyunlarına namizədliyini vermək istəyirlər. 49 ölkənin hamısından Oyunlarda iştirak edəcəklərini gözləyirəm”.

Hikkinin sözlərinə görə, Bakı Avropa Oyunlarını yüksək səviyyədə təşkil edəcəyi halda Yay Olimpiya Oyunları da keçirməyə qadir olacağını nümayiş etdirəcək: “Bilirəm ki, Bakı 2 dəfə Yay Olimpiya Oyunlarına namizəd olub. Realist olsaq, olimpiada təşkil etmək üçün fürsət qazanmaq lazımdır. 2000-ci ildən prezidentinizlə tanışam, nazirinizlə də bu barədə danışmışam. Əgər Avropa Oyunları uğurla keçirilsə, bu, sizin üçün böyük üstünlük olacaq. Hər kəsə sübut edəcəksiniz ki, belə nüfuzlu oyunları keçirməyə qadirsiniz”.

Kapralos isə 2 çox məhsuldar gün keçirdiklərini bildirib. O, Bakıda görülən işlərdən çox həvəsləndiklərini, Prezident və birinci xanımın bu işlərdə birbaşa iştirakı, düşüncələrindən çox ruhlandıqlarını açıqlayıb: “Bir sıra çağırışlar qarşımızda dayanır. Görüləcək çox iş var. Oyunlarda Avropanın ən qabaqcıl atletləri iştirak edəcəklər. İdman obyektləri fantastikdir. Bu oyunlar Bakı üçün çox gözəl fürsət olacaq. Obyektlərin əksəriyyəti Olimpiya Kəndinə yaxındır. Yeni tikilən obyektlər isə vaxtında istifadəyə veriləcək. Çalışacağıq ki, onların sınanmasına da vaxt qalsın. Cədvəl üzrə hərəkət edirik. Əminik ki, komanda əlindən gələni edəcək ki, irəliləyiş davam edəcək.

Qeyd edək ki, 2015-ci ilin 12 – 28 iyun aralığında keçiriləcək I Avropa Oyunlarında 19 növ üzrə 6351 idmançının iştirakı gözlənilir.