14:08 01-05-2013
news_image
1456
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan” başladı: İdmançımız I mərhələnin qalibi oldu

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turuna start verilib. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət olan yarışın ilk mərhələsi Bakıda baş tutub.

25 komandanın iştirakı ilə keçirilən yarış Heydər Əliyev Mərkəzinin qarşından başlayıb. İştirakçılar Heydər Əliyev prospekti ilə metronun “Koroğlu” stansiyası arasında 11 dəfə dövrə vurduqdan sonra yenidən ilk nöqtəyə qayıdıblar. Marşrutun ümumi uzunluğu 157 km təşkil edib.

Ölkəmizi bu yarışda təmsil edən "Synergy Baku" ilk mərhələdə qələbəyə sevinib. Belə ki, komandamızın üzvü Kristof Şvaytser məsafəni 1-ci qət edərək finiş xəttinə hamıdan tez çatıb. Artıq 4-cü dövrədən liderliyi ələ alan təmsilçimizin qələbəsi ona çətin başa gəlib.

Uzun müddət liderlər qrupunda yer alan Kristof sonradan onlardan geri də düşüb. Lakin özündə güc tapıb yenidən liderlər qrupuna qoşulan idmançımız sonda istəyinə də çataraq mərhələnin qalibi olub. “Atlas”ın üzvü Maksim Averin 2-ci, “Rabobank”lı Martin van Treyl 3-cü olub.

Bununla da, Şvaytser liderin daşıdığı mavi, ən yaxşı sprinterə verilən yaşıl formanı ələ keçirib. Ən yaxşı dağ yürüşçüsü kimi qırmızı forma isə “Efapel”in üzvü Sezar Fontenə verilib.

Qeyd edək ki, sabah velosipedçilər yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşəcəklər. 183 km qət etdikdən sonra İsmayıllıda finiş xəttini keçəcəklər. Mayın 3-də yarış iştirakçıları Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 km) qayıdacaqlar.

4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.