14:34 02-05-2013
news_image
1567
DİGƏR NÖVLƏR

“Tour d’Azerbaidjan”: Qalib bəlli oldu - YENİLƏNİB

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun 2-ci mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, 5 mərhələdən ibarət olan yürüşün bu hissəsinin start xətti Bakıda, finişi əyalətdə olub.

İdmançılar yeni yaradılmış velosiped parkından start götürərək, Böyük Qafqaz sıra dağları istiqamətində yola düşüblər. Bu gün paytaxtı tərk edən velosipedçilər 183 km qət etdikdən sonra İsmayıllıda qalibi müəyyənləşdiriblər.

II mərhələnin qalibi adına Türkiyənin “Torku Şəkərspor” klubunun ukraynalı legioneri Sergey Qreçin yiyələnib. Finiş xəttinə 2-ci çatan isə “Synergy Baku”nun üzvü Aleksandr Surutkoviç olub. Fəxri kürsünün son pilləsini isə Qazaxıstanın “Astana” klubunun üzvü Baxtiyar Kojotayev tutub.

Bununla da Qreçin liderinin daşıdığı mavi, ən yaxşı velosipedçinin sahib olduğu yaşıl formaların ikisini də ələ keçirib. Ən yaxşı dağ yürüşçüsü kimi qırmızı forma isə “Efapel”in üzvü portuqaliyalı Rikardo Vielaya keçib.

Kojotayev ən yaxşı gənc idmançı kimi ağ-bənövşəyi formaya sahib çıxıb. Ən yaxşı azərbaycanlı idmançı Elçin Əsədov ölkəmizin bayrağının rəngləri və alov əks olunan formaya yiyələnib.

Qeyd edək ki, 25 komandanın iştirakı ilə keçirilən yarışın 3-cü günündə iştirakçılar Qəbələdən start götürərək, Oğuzdan keçməklə Şəkiyə yollanacaq, oradan isə yenidən başlanğıc nöqtəyə (165 km) qayıdacaqlar. 4-cü mərhələdə Qəbələdən start götürərək, İsmayıllını keçməklə Şamaxıya yürüş olacaq. İdmançılar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçəcəklər. 146 km uzunluğu olan son mərhələ (5 may) Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.