14:11 03-05-2013
news_image
1396
DİGƏR NÖVLƏR

“İndi tamaşaçılar arasında nənə və babaları da görürük”

“Tour d’Azerbaidjan” çox yüksək səviyyədə təşkil olunub. Azərbaycanın şəhər və rayonlarından keçdikcə, yerli icra hakimiyyətləri və polis əməkdaşlarının iştirakçılar üçün hər şeyi necə gözəl təşkil etdiyinin şahidi oluruq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov deyib.

O, ölkəmizdə keçirilən “Tour d’Azerbaidjan” veloyürüşünün 3-cü mərhələsindən sonra yarışın arxada qalan hissəsi haqda fikirlərini açıqlayıb: “Bütün bu rayonlarda əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Azarkeşlərin velosiped yarışını necə sevinclə izlədiyini sözlə ifadə etmək də çətindir. Havadan vertolyotla bunu izləmək daha yaxşıdır. Bu dəfə yarışa olan maraq ötən ilki ilə müqayisədə xeyli artıb. İndi tamaşaçılar arasında nənələr və babaları da görürük. Bu da ölkəmizdə velosiped idmanına marağın artmasını göstərir. İnanırıq ki, bu yarış idman növünün inkişafına təkan olacaq. Yarış ərəfəsində komanda hesabında uğur qazanmaq haqda danışmırdıq. Lakin arxada qalan 3 mərhələnin hər birində “Synergy Baku”nun üzvləri medal əldə edib. Bu gün də Kristof Şvaytser 3-cü oldu. Düşünürəm ki, klubumuz Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan yarışda Azərbaycanı ləyaqətlə təmsil edir”.

Qeyd edək ki, veloyürüş ümumilikdə 5 mərhələdən ibarətdir.