12:48 04-05-2013
news_image
996
DİGƏR NÖVLƏR

Azərbaycan təmsilçisi finiş xəttinə 2-ci gəldi - YENİLƏNİB

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun IV mərhələsi keçirilib. Apasport.az saytının məlumatına görə, yürüşün bu hissəsi Qəbələdən start götürüb.

Velosipedçilər İsmayıllını keçməklə Şamaxıya yürüş ediblər. Onlar 116 km məsafə qət edib, dəniz səviyyəsindən təxminən 1450 m hündürlükdə yerləşən Pirqulu rəsədxanasının yaxınlığında, Vergilər Nazirliyinin Tədris Mərkəzinin qarşısında finiş xəttini keçiblər.

Yürüşün qalibi Lüksemburqun “Leopard-Trek” klubunun üzvü Yan Hirt olub. Finiş xəttinə Azərbaycanın “Synergy Baku Cycling Project” klubunun velosipedçisi Konnor Makkonvey ikinci gəlib. 3-cü yeri isə İspaniya yığmasının heyətindən Ernandes Rubio tutub.

Qeyd edək ki, 5 mərhələdən ibarət velotur sabah başa çatacaq. 146 km uzunluğu olan mərhələ Azadlıq meydanından başlayaraq, Bakının mərkəzi küçələri və prospektlərindən keçərək, Hökumət Evinin qarşısında başa çatacaq.