21:54 04-05-2013
news_image
1037
DÖYÜŞ NÖVLƏRİ

“Naxçıvan Kuboku” start götürdü, finalçılar məlumdur

Naxçıvan Olimpiya İdman Kompleksində mərhum prezident Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında “Naxçıvan Kuboku” uğrunda ənənəvi beynəlxalq turnirinə start verilib. Güləş Federasiyasından apasport.az saytına verilən məlumata görə, əvvəlcə yarışın Təşkilat Komitəsinin üzvləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan MR və Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndələri, AGF-nin I vitse-prezidenti Namiq Əliyev, AGF-nin baş katibi, Olimpiya dərəcəli hakim Əjdər Cəfərov, Olimpiya çempionları Namiq Abdullayev, Fərid Mansurov, Toğrul Əsgərov və Şərif Şərifov Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, ulu öndərin xatirəsini ehtiramla yad edib və abidənin önünə gül dəstələri düzüblər.

Daha sonra turnirin rəsmi açılış mərasimi keçirilib. Tədbirdə çıxış edən AGF-nin I vitse-prezidenti Əliyev ölkəmizdə həyata keçirilən idman siyasətinin uğurla icra edildiyini qeyd edib və ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin idmana və idmançılara diqqət və qayğısının idmançılarımızın nailiyyətlərinin ildən-ilə artmasında əvəzsiz rolu olduğunu bildirib.

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov ölkəmizdə bütün sahələrdə olduğu kimi, idman sahəsində də güclü infrastruktur layihələrinin icra edildiyini qeyd edərək, əsası Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün uğurla davam etdirildiyini diqqətə çatdırıb. İdmançılara ədalətli mübarizə arzulayan Talıbov yarışı açıq elan edib.

Ardınca Azərbaycan Güləş Federasiyasının I vitse-prezidenti Naxçıvan Muxtar Respublikasında güləşin inkişafındakı xidmətlərə görə Naxçıvan MR Ali Məclisinin sədrinə FİLA-nın qızıl medalı və fəxri diplomunu təqdim edib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan, Şərur, Özbəkistan və Rusiya komandaları A, Naxçıvan, Ukrayna, Gürcüstan və Türkiyə komandaları isə B yarımqrupunda mübarizə aparıb.

İlk yarış günündə qruplar üzrə görüşlər keçirilib. Qarşılaşmaların nəticələri və qruplardakı vəziyyət aşağıdakı kimidir:

A qrupu
AZƏRBAYCAN - ŞƏRUR - 8:0
Özbəkistan - Rusiya - 3:5
AZƏRBAYCAN - Özbəkistan - 8:0
ŞƏRUR - Rusiya - 2:6
AZƏRBAYCAN - Rusiya - 8:0
ŞƏRUR - Özbəkistan - 3:5

1. AZƏRBAYCAN 24:0
2. Rusiya 11:5
3. Özbəkistan 8:16
4. ŞƏRUR 5:19

B qrupu
NAXÇIVAN - Ukrayna - 8:0
Gürcüstan - Türkiyə - 6:2
NAXÇIVAN - Gürcüstan - 5:3
Ukrayna - Türkiyə - 2:6
NAXÇIVAN - Türkiyə - 3:5
Ukrayna - Gürcüstan - 2:5

1. NAXÇIVAN 16:8
2. Gürcüstan 15:9
3. Türkiyə 13:11
4. Ukrayna 4:20

Beləliklə, öz qruplarında birinci olmuş Azərbaycan və Naxçıvan komandaları finalda qarşılaşacaqlar. Bürünc medalın taleyi isə Rusiya və Gürcüstan yığmalarının görüşündə müəyyənləşəcək.

5 may
7-ci yer uğrunda

10:00. ŞƏRUR - Ukrayna

5-ci yer uğrunda
10:00. Özbəkistan - Türkiyə

3-cü yer uğrunda
11:00. Rusiya - Gürcüstan

FİNAL
15:00. AZƏRBAYCAN - NAXÇIVAN