15:25 05-05-2013
news_image
969
DİGƏR NÖVLƏR

“Bu, millinizin güclü olması üçün zəmin yaradacaq”

Bu gün “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun yekuna əsasən mətbuat keçirilib. Apasport.az saytının məlumatına görə, tədbirdə Beynəlxalq Velosiped Federasiyasının prezidenti Pet Makkueyt, Azərbaycan Velosiped Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov və 5 ən yaxşı formanın sahibləri iştirak ediblər.

Mətbuat konfransını giriş sözü ilə açan Ələkbərov bildirib ki, turnir uğurla başa çatıb: “Yarış çox yüksək səviyyədə keçdi. Bunun üçün Azərbaycan prezidenti İlham Əliyevə, hökumətə təşəkkür edirik. Çünki bütün dövlət qurumları yarışın təşkilində bizə yaxından dəstək oldular. Gəzməli, görməli yerlərdə olduq. Nəticələrimiz də ürəkaçandır”.

Ələkbərov hədəflərinin Avropa Oyunlarına və Olimpiadaya hazırlıq olduğunu deyib: “Əsas işimiz Rio de Janeyroda keçiriləcək Olimpiadada iştirakdır. İdmançılarımız gəncdirlər. İnanırıq ki, onlar gələcəkdə uğur qazanacaqlar. Bunun üçün bir qədər zaman ehtiyacımız var. Yaxın gələcəkdə məktəblərin, klubların yaradılması üçün danışıqlar aparılır. Yığmamızın da tezliklə beynəlxalq yarışlarda iştirakını görəcəyik. İlk növbədə maddi-texniki bazanın yaradılması vacibdir. Düşünürəm ki, bu formalaşdıqdan sonra yığmamız da güclü olacaq”.

2 ildə 3-cü ölkəmizə səfərə gələn Makkueyt də yarışın çox yüksək səviyyədə təşkil olunduğunu deyib: “Azərbaycanda keçirilən turnir digər ölkələr üçün model rolunu oyana bilər. “Synergy Baku” da çox yaxşı çıxış etdi. Onların gözəl gələcəyi var. Bu komandanın uğurları Azərbaycan gənclərinin də velosiped idmanına marağını artıracaq”.

Beynəlxalq qurumun rəhbəri gələcəkdə “Synergy Baku”da azərbaycanlıların sayının artacağına ümid etdiyini deyib: “Onların güclü sponsoru var. Burada Azərbaycan Velosiped Federasiyasının da rolu böyükdür. Sabah da federasiya prezidenti ilə görüşəcəyik. Orada bu idman növünün ölkənizdə inkişaf perspektivi barədə müzakirələr aparacağıq. Hazırda “Synergy Baku”nın bir neçə azərbaycanlı üzvü var. Onlar yarışlarda iştirak edir və burada təcrübə toplayır. Bu da millinizin güclü olacağına gözəl zəmin yaradacaq”.

Qeyd edək ki, 5 formanın qalibləri də təəssüratlarını bölüşüb, yarış və Azərbaycan barədə fikirlərini açıqlayıblar. Onlar təşkilatçılığın yüksək səviyyədə olduğunu deyiblər.