11:12 06-05-2013
news_image
3172
DİGƏR NÖVLƏR

BP şirkəti MOK və MPK ilə tərəfdaşlıq sazişinin müddətini uzadıb

Bu gün BP şirkəti Milli Olimpiya Komitəsi (MOK) və Milli Paralimpiya Komitəsi (MPK) ilə bağladığı tərəfdaşlıq sazişinin müddətini uzadıb. Apasport.az saytının məlumatına görə, yeni müqaviləni BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə Regional prezidenti Qordon Birrell, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə və MPK-nin prezidenti İlqar Rəhimov imzalayıb.

Bununla, BP 2016-cı ilin sonuna qədər ölkəmizin milli komandalarına və nüfuzlu idmançılarına dəstəyini davam etdirəcək.

Tədbirdə çıxış edən Birrell bildirib ki, müqaviləni yenilədikləri üçün çox şaddırlar: “Biz MOK və MPK üçün rəsmi enerji və neft-qaz tərəfdaşlığımızı 2016-cı ilin sonuna qədər davam edəcəyimizi bəyan etməkdən fərəh hissi duyuruq. London Yay Olimpiya Oyunlarında xüsusi nümayəndə kimi seçdiyimiz idmançıların nailiyyətlərini izləyərkən və xüsusən də onların vətənə medallar ilə qayıtmasının şahidi olduğumuzda böyük fəxr hissi duymuşuq. Biz, idmançıların yarışlara hazırlığını və Azərbaycan üçün medallar qazanmaq uğrunda göstərdikləri səyləri izləməyə davam edəcəyik”.

“BP şirkəti 1992-ci ildə Bakıda ilk ofisini açdığı vaxtdan bu günə kimi Azərbaycandakı həyatın çox aspektlərində yaxından iştirak etməklə bir sıra nailiyyətlərə imza atmış və regiondakı hökumətlər, şirkətlər və digər maraqlı tərəflər ilə sıx tərəfdaşlıq yaradıb. Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsi ilə bağlanmış sazişin müddətinin uzadılması BP şirkətinin ölkə qarşısında uzunmüddətli öhdəliyini nümayiş etdirir” – deyə, Birrill vurğulayıb.

MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də uğurlu tərəfdaşlıqdan söz açaraq, bunun Azərbaycan üçün böyük fayda verəcəyini deyib: “Biz BP şirkəti ilə tərəfdaşlığın müddətini uzatmaqdan məmnunluq duyuruq. Azərbaycan xalqını daha çox idman nailiyyətləri ilə sevindirmək naminə Azərbaycan idmançılarının inkişafı istiqamətində birgə işləyəcəyimizə ümidvarıq. 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiadaya hələ lisenziya turnirləri başlamayıb. İnanıram ki, BP şirkəti yenə öz seçimini düzgün aparacaq və onların dəstəkləyəcəyi idmançılar medal qazanacaqlar. İnanıram ki, bu günə kimi uğurlu olan tərəfdaşlığın ardı da olacaq”.

MPK-nin prezidenti Rəhimov da yeni müqavilənin imzalanmasını uğur kimi qiymətləndirib: “BP şirkətinin Azərbaycanda paralimpiya idman növlərini dəstəkləməyə davam etməsi idmanın cəmiyyətdəki hər bir şəxs üçün olduğunu bir daha vurğulamağa yardım edir. Əminəm ki, tərəfdaşlığımız gələcək qələbələrimizə mühüm bir töhfə olacaq”.

Qeyd edək ki, ilk müqavilə 2011-ci ilin yanvarında imzalanmışdı.