16:40 07-05-2013
news_image
1257
DİGƏR NÖVLƏR

Azərbaycan yığmasının keçmiş üzvü: 500 manat versəydilər... - MÜSAHİBƏ

Akademik avarçəkmə üzrə Azərbaycan milli komandasının sabiq üzvü Cavid Əfəndiyevin Lent.az-a müsahibəsi

- Nə vaxtdan Türkiyədəsiniz?
- Azərbaycan millisindən 2011-ci ilin yayında getmək qərarına gəldim. Ölkəmi isə il yarımdır tərk etmişəm. Əvvəlcə Türkiyənin “Fənərbağça” klubunda, 2012-ci ilin avqustundan isə Türkiyə yığmasında məşqlərə başladım. Bu ilin yanvarından Türkiyə vətəndaşlığını qəbul etmişəm və soyadımı dəyişdirərək, Əfəndioğlu olmuşam.

- Millimizi nəyə görə tərk etdiniz?
- Mənim Azərbaycan millisinin heyətində müəyyən nəticələrim var. 2009-cu ildə Böyük Moskva Reqatasının qalibi olmuşam. 2010-cu ildə Belarusun Brest şəhərində keçirilmiş 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatında 2 nəfərlik yüngül çəkili qoşa avarlı qayıqla yürüşdə finaladək yüksələrək, 6-cı yeri tutmuşam. 2011-ci il Dünya Kubokunun mərhələ yarışında böyüklər arasında eyni nəticəni göstərmişəm. Bununla belə, mənə lazımi şərait yaradılmayıb. Cəmi 150 manat maaş verirdilər. Ali məktəbə qəbuluma kömək edəcəklərinə söz vermişdilər, amma yerinə yetirmədilər. 2 il öncə Hollandiyanın paytaxtı Amsterdamda 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatından öncə Almaniyadakı təlim-məşq toplantısından vətənə qayıtdım. Və qərara aldım ki, bundan sonra yığmadan birdəfəlik gedim. Maaşımı heç olmasa, 500 manata qədər qaldırsaydılar, qalardım.

- Bəs “Fənərbağça”ya keçidiniz necə alındı?
- Azərbaycan yığmasını tərk etdikdən sonra bir müddət məşqlərdən kənarda qaldım. Heç başqa iş də tapa bilmədim. Mingəçevirdə yaşayan ailəmi dolandırmalı idim. Atam yoxdur. Ailənin böyük övladı mən sayılırdım. Bu zaman Türkiyə Akademik Avarçəkmə Federasiyasının elektron ünvanına məktub yazdım. Bir müddət sonra mənimlə əlaqə saxladılar və Azərbaycan millisinin heyətində beynəlxalq yarışlarda göstərdiyim nəticələri istədilər. Mən də yazdım və nəticədə “Fənərbağça”ya keçidim baş tutdu.

- Hazırkı şəraitinizdən razısınız?
- Burada Azərbaycan yığmasının daha bir sabiq akademik avarçəkəni Fuad Mirzəyevlə birgə “Fənərbağça”nın bazasında qalıram. Ayda 1200 dollar maaş alıram. Bizim üçün hər cür şərait yaradıblar. Hər həftə yeni geyimlə təmin olunuram. Hətta indi şkafımda paltar qoymağa yer yoxdur (gülür).

- Hər hansı yarışda özünüzü göstərə bilmisiniz?
- Martın əvvəllərində Türkiyə çempionatına qatıldım. Əvvəlcə 1 nəfərlik qayıqla yürüşdə finaladək irəliləyərək, bürünc medala sahib oldum. Bundan başqa 4 nəfərlik qayıqla yürüşdə gümüş medal qazandıq. Hazırda Türkiyə millisinin heyətində beynəlxalq yarışa qatılacağımı gözləyirəm. Məşqlərimə də ara vermirəm. Yəqin ki, 2014-cü ildən yığmanın əsas heyət üzvünə çevrilə biləcəyəm.

- Azərbaycan millisinə dönmək istərdiniz?
- Kim istərdi ki, evindən didərgin düşsün? Amma burada ailəmdən nə qədər uzaq olsam da, pulumu qazanıb evimə göndərə bilirəm. Halbuki öz evimdə olduğum vaxt bu pulu qazana bilmirdim. 3 il öncə Rusiya Akademik Avarçəkmə Federasiyasının prezidenti Azərbaycana gələrkən, Mingəçevirə də baş çəkmişdi. Orada Draçevski avarçəkənlərlə görüşündə “Moskvada Rusiya yığmasını udub gedən idmançınız haradadır?” soruşmuşdu. Demişdilər ki, əsgərlikdədir. Hələ 23 yaşım var, bundan da böyük qələbələrim irəlidədir. Türkiyədəki şəraiti yaratsalar, Azərbaycan yığmasına qayıdaram. Baxmayaraq ki, öz ölkəmdə haqsızlıqla üzləşmişdim.