09:13 08-05-2013
news_image
1101
DÖYÜŞ NÖVLƏRİ

Elnur Məmmədli geriyə gedir

Beynəlxalq Сüdo Federasiyası yeni reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Bakıda keçirilən “Böyük dəbilqə”nin yekununa əsasən açıqlanan siyahı Azərbaycan yığmasının aparıcı üzvləri üçün pis alınmayıb.

Belə ki, son illər “ippon”a düşən millimizin aparıcı üzvlərinin bəziləri bu dəfə irəliləməyə nail olublar. Hazırda reytinqdə çəkisində ən yaxşı pillədə yer alan təmsilçimiz Nicat Şıxəlizadədir (66 kq). O, Bakıda keçirilən turnirin finalında uduzsa da, 16 rəqibini qabaqlamaqla 6-cı yerə yüksəlib. Şıxəlizadə kimi, “Böyük dəbilqə”də fəxri kürsüyə yüksələn Rüstəm Orucov (73 kq, 1-ci yer), Elmar Qasımov (3-cü yer) və Elxan Məmmədov (hər ikisi 100 kq, 1-ci yer) da mövqelərini yaxşılaşdırıblar. Onlar müvafiq olaraq, 11, 7 və 18 pillə yuxarı qalxmaqla, 11-ci, 10-cu və 11-ci yeri tuturlar. Turnirin qalibi olan komandamızın gənc üzvü Şahin Qəhrəmanov (90 kq) isə 10-cudur.

Bu idmançılardan fərqli, İlqar Müşkiyev (60 kq), Tərlan Kərimov (66 kq), Tural Səfquliyev, Elnur Məmmədli (81 kq), Kifayət Qasımova (57 kq) və Ramilə Yusubova (63 kq) isə geriləməkdə davam edirlər. Onlar müvafiq olaraq, 22-ci (-8), 25-ci (-4), 25-ci (-3), 30-cu (-7), 21-ci (-3) və 38-cidirlər (-7).

Qeyd edək ki, bu idman növündə Olimpiadaya lisenziya reytinq cədvəlinə əsasən verilir.