13:27 15-05-2013
news_image

Boks rəsmən Bakı-2015-də!

2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarının proqramında daha bir idman növünün olacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 2 ildən sonra baş tutacaq yarışda boksçuların da qüvvəsini sınayacağı rəsmiləşib. Bu bərədə qərarı Beynəlxalq Həvəskar Boks Assosiasiya (AİBA) verib.

Ümumdünya boks qurumunun Qazaxıstanın paytaxtı Astanada keçirilən İcraiyyə Komitəsinin fövqəladə iclasında bu idman növünün Bakıdakı Oyunların proqramına daxil ediləcəyi təsdiqlənib. Bunu Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkiyə rəsmi məktubunda AİBA-nın rəhbəri Çinq-Kuo Vu da bildirib. Sənəddə İcraiyyə Komitəsinin AOK-un dəvətinə müsbət cavab verdiyi əks olunub. “Inside the games” saytının bildirdiyinə görə, Bakıdakı yarışda boksla bağlı təşkilatçılığa rəhbərliyi AİBA-nın vitse-prezidenti, eyni zamanda Avropa Boks Konfederasiyasının başçısı olan Franko Falçinelli ilə Azərbaycan Boks Federasiyasının prezidenti Kəmaləddin Heydərov edəcək.

Qeyd edək ki, Bakı-2015 Avropa Oyunlarının Avropa Olimpiya Komitəsinin (AOK) Koordinasiya Komissiyasının ilk görüşünün başa çatması münasibətilə baş tutan mətbuat konfransında yarışın proqramına 19 idman növünün salındığı bildirilsə də, boksla atletika növləri ilə bağlı yekun qərarın verilmədiyi açıqlanmışdı.