16:27 17-05-2013
news_image

“Onlar başa düşməlidir ki, Azərbaycan bayrağı daim yüksəkdə olmalıdır”

“Nəticələr bizə yeni hədəflər üçün stimul verir. Hazırda əsas məqsədimiz ölkəmizi 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Paralimpiya Oyunlarında layiqincə təmsil etməkdir”. Apasport.az saytının məlumatına görə, bunu cüdo üzrə ikiqat paralimpiya çempionumuz İlham Zəkiyev deyil.

33 yaşlı idmançı paralympic.org saytına müsahibə verib.

Azərbaycan idmanı barədə danışan dünya və Avropanın ən güclüsü üçrəngli bayrağımızın həmişə yüksəklərdə olmasından zövq aldığını deyib: “İstəyirəm ki, idmançılar yarışdakı nəticəsindən asılı olmayaraq, ölkəsini fəxrlə təmsil etsinlər. İdmançılarımız onu da başa düşməlidir ki, Azərbaycan bayrağı daim yüksəklərdə olmalıdır. Rio-de-Janeyroda mənə bəslənilən ümidləri doğrultmalıyam. Bu mənim işimdir və öz işimi sevirəm. Ölkəmizin himninin sədaları altında bayrağımızın yüksəklərə qalxmasından xoşum gəlir”.

Zəkiyev ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan da danışıb: “Azərbaycan prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsinin də rəhbəridir. Ona görə də ölkəmizdə idmana diqqət və qayğı çox yüksək səviyyədədir. Bizim bütün maliyyə, məişət, sosial və digər problemlərimiz dövlət tərəfindən həll olunur. Bu səbəbdən bütün diqqətimizi hazırlığa yönəldirik”.

Qeyd edək ki, Rio-de-Janeyro Paralimpiya Oyunları sentyabrın 9-dan 20-dək olacaq.