13:48 23-05-2013
news_image
962
DİGƏR NÖVLƏR

İslam Həmrəyliyi Oyunlarına Azərbaycanın milli idman növü salınacaq

IV İslam Həmrəylik Oyunları Bakıda keçirilsə, Oyunların proqramına Azərbaycanın milli idman növü sayılan zorxana da salınacaq. Lent.az-ın məlumatına görə, bu haqda Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə açıqlama verib.

Ç.Hüseynzadə bildirib ki, Azərbaycan tərəfinin təklif etdiyi bu növ artıq İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən qəbul olunub. MOK rəsmisinin sözlərinə görə, idman növlərinin dəqiq sayını Bakının namizədliyi təsdiqlənəndən sonra yaradılacaq Təşkilat Komitəsi açıqlayacaq. Hələlik İslamiadanın voleybol, cüdo, karate, futbol, atletika, həndbol, basketbol, stolüstü tennis, taekvondo, üzgüçülük, gimnastika, ağırlıqqaldırma, tennis kimi növlərdə təşkili nəzərdə tutulub. Eyni zamanda əlil idmançılar paraatletika, paracüdo və parataekvondo növlərində də qüvvələrini sınayacaqlar.

Vitse-prezident İslam Həmrəyliyi Oyunlarına İHİF-in 57 üzv ölkəsinin hamısının qatılmaq imkanına malik olduqlarını da vurğulayıb. Nümayəndə heyətinin sayını isə ölkələrin özləri müəyyənləşdirir. Lakin idman növlərinin hər birində idmançı sayına kvota qoyulur.

Qeyd edək ki, Bakının namizədliyinin iyulda Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək İHİF-in Baş Assambleyasında təsdiqlənəcəyi gözlənilir. Bu, baş versə, IV İslam Həmrəyliyi Oyunları 23 iyun – 2 iyul 2017-ci ildə baş tutacaq.