13:39 24-05-2013
news_image

Yığmamız üçün 2 monqolustanlı

Sabah Tümendə cüdo üzrə “World Masters” turniri start götürəcək. Apasport.az saytının xəbərinə görə, yarışa qatılan idmançılarımızın rəqibləri bəlli olub.

Az öncə atılan püşkün nəticəsinə əsasən yığmamızın üzvləri Braziliya, Monqolustan, Qazaxıstan və Yaponiya idmançılarına qarşı mübarizə aparacaqlar.

İlqar Müşkiyev (60 kq) ilk görüşünü Felipe Kitadaya (Braziliya) qarşı keçirəcək. 66 kq çəki dərəcəsində ölkəmiz 2 idmançı Tərlan Kərimov və Nicat Şıxəlizadə ilə təmsil olunacaq.

Püşk onların bəxtinə müvafiq olaraq, Tumurxuleq Davaadorjla (Monqolustan) Sergey Limi (Qazaxıstan) qismət edib. Komandamızın perspektivli üzvü Rüstəm Orucov (73) ilk görüşündə daha güclü monqolustanlı Odbayar Qanbaatarla qarşılaşacaq.

Ağır çəkili təmsilçilərimizdən Şahin Qəhrəmanov (90 kq) Şohey Şimovadayla (Yaponiya), Elmar Qasımov Daysuke Kobayaşi (Monqolustan), Elxan Məmmədov (hər ikisi 100 kq) Renan Nuneslə (Braziliya) üz-üzə gələcək. Cüdoçularımızın hamısı tatamiyə 1/8 final mərhələsindən çıxacaq. Onlardan Müşkiyev, Kərimov, Şıxəlizadə və Orucov mayın 25-də, digərləri bir gün sonra yarışa qatılacaqlar.