08:08 03-06-2013
news_image

Məmmədov nokdaunla mərhələ adladı

Azərbaycan boksçularından daha ikisi ilk görüşlərini qələbə ilə başa vurublar. Apasport.az saytının məlumatına görə, 56 kq çəki dərəcəsində mübarizə aparan Samir Məmmədov xorvatiyalı Mirsad Ahmedi ilə döyüşdə çətinlik çəkməyib. Həmyerlimiz ikinci raundda rəqibini nokdauna salıb. Nəticədə, hər 3 hakim qələbəni Məmmədova verib – 30:26, 30:26, 30:26. Boksçumuz 1/8 finalda moldovalı Vyaçeslav Qojanla qarşılaşacaq.

Tamerlan Abdullayev də (69 kq) ilk döyüşdə qələbə qazanıb. Milli komandamızın üzvü bu çəki dərəcəsinin favoritlərindən sayılan macarıstanlı Balasz Başkaini məğlub edib. Abdullayev 1/8 finalda yunanıstanlı Pavlos Tsaqrakosla üz-üzə gələcək.

Bu gün Azərbaycan boksçularından – Elvin Məmişzadə (52 kq), Heybətulla Hacəliyev (64 kq) və Rauf Rəhimov (81 kq) rinqə çıxacaq. Məmişzadə axşam seansında ispanyalı Xose de la Nieva ilə, Hacəliyev günorta seansında ukraynalı Vyaçeslav Kislintsinlə, Rəhimov isə hollandiyalı Peter Mellenberqlə görüşəcək.