09:31 03-06-2013
news_image

Daha 2 qızıl, 2 gümüş və 2 bürünc medal

Ankarada güləş üzrə gənclər arasında “Çempionlar” beynəlxalq turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizin sərbəst, yunan-Roma və qadın güləşi üzrə gənclərdən ibarət yığma komandaları iştirak edir.

Turnirin ikinci günündə sərbəst və yunan-Roma güləşi üzrə 55, 74 və 120 kq, qadın güləşi üzrə 48, 59 və 67 kq çəkidə qaliblər müəyyənləşib. İkinci yarış günündə güləşçilərimiz ümumilikdə 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

Yunan-Roma güləşi üzrə 55 kq çəkidə mübarizə aparan Sakit Quliyev finala qədər maneəsiz irəliləyib. Finalda yerli güləşçi Emrullah Beşkardeşlerə məğlub olan təmsilçimiz gümüş medala sahib olub.

Ən ağır çəkidə pəhləvanların mübarizəsində Abbas Abdullayev (120 kq) bürünc medal qazanıb.

Sərbəst güləşçilərin mübarizəsində 74 kq çəkidə təmsilçimiz Bəxtiyar İsrafilli turniri üçüncü sırada tamamlayıb.

Gənc qızların yarışında isə təmsilçilərimizin hər üçü finala yüksəlib. Finalda hər üç təmsilçimizin rəqibi yerli güləşçilər olub.

48 kq çəkidə Kəmalə Əliyeva Büşra Kengeri, 67kq çəkidə Raqnetta Qurbanzadə isə Gülşah Geni məğlub edib və turnirin baş mükafatına sahib olub. 59 kq-da Alyona Kolesnik isə rəqibinə uduzub və gümüş medalla kifayətlənib.

Xatırladaq ki, turnirin ilk gününü güləşçilərimiz ümumilikdə 2 qızıl və 3 bürünc medalla başa vurub.

Yarışın son günündə isə sərbəst və yunan-Roma güləşi üzrə 60 və 84 kq, qadın güləşi üzrə 51, 63 və 72 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.