11:12 03-06-2013
news_image
927
DİGƏR NÖVLƏR

Avropa çempionatında 1 gümüş medal

Avstriyanın paytaxtı Vyanada keçirilən bədii gimnastika üzrə XXIX Avropa çempionatı başa çatıb. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisi yarışı 1 gümüş medalla başa vurub.

Belə ki, bu uğura finalda 5 halqa ilə çıxış edən Nilufər Niftəliyeva, Gülsüm Şəfizadə, Səbinə Hümmətova, Aleksandra Platonova, Emiliya Bağıyeva və Aynur Mustafayevadan ibarət qrup tapşırıqları üzrə yeniyetmələr komandasına yönəlib. Təmsilçilərimiz möhtəşəm nömrə göstərərək, hakimlərdən yüksək qiymət - 16.550 bal alıblar. Bu nəticə komandamızın gümüş medal qazanmasına imkan verib.

Fərdi tapşırıqlarda isə gimnastlarımız 4 finalda çıxış ediblər. Əvvəlcə Marina Durunda halqa ilə tapşırığı yerinə yetirərək, hakimlərdən 17.650 bal alıb və 5-ci olub. Sonra Marina topla hərəkətlərdə 17.700 bal qazanıb. Bu göstərici də təmsilçimiz 5-ci yeri tutub.

Lalə Yusifova isə gürzlərlə bəxtini sınayıb. İdmançımız gözəl nömrə göstərərək hakimlərdən 17.350 bal alıb və 7-ci olub. Çempionatı isə finalda lentlə çıxış edən Durunda başa vurub. O, bu hərəkətinə görə 17.766 bal alaraq, növbəti dəfə 5-ci yeri tutub.

Qeyd edək ki, finalda rusiyalı gimnastlar - Darya Svatkovskaya (halqa), Yana Kudrvayvtseva (top, gürz) və Marqarita Mamun (lent) ən güclü olublar.