10:22 04-06-2013
news_image
1030
DİGƏR NÖVLƏR

“Artıq Bakıda keçiriləcək Avropa çempionatına 2 yer əldə etmişik”

“Ardıcıl 5-ci Avropa çempionatıdır ki, gimnastlarımız bizi sevindirirlər”. Apasport.az saytının məlumatına görə, bunu bədii gimnastika üzrə Azərbaycan milli komandasının baş məşqçisi Mariana Vasileva deyib.

Avropa çempionatında gümüş medalla qayıdan komandamızın çalışdırıcısı Heydər Əliyev Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlama verib. Onun sözlərinə görə, qitə çempionatı Azərbaycan gimnastları üçün daha uğurlu keçib və nəticələrimiz ötənilki yarışla müqayisədə daha yaxşı olub: “Bizim qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət yığmamız ötən çempionatda bürünc medal qazanmışdı. Bu dəfə isə onlar daha irəli gedərək, gümüş medala layiq görüldülər”.

Baş məşqçi bildirib ki, komandada 2 çox gənc, təcrübəsiz gimnastlar - Lalə Yusifova və Marina Durundanın olmasına baxmayaraq, onlar ötən çempionatda Aliyə Qarayeva və Anna Qurbanovanın qazandığı komanda hesabındakı 4-cü yeri təkrarlayıblar: “Bu dəfə bizim böyük sevincimiz var, çünki artıq gələn il Bakıda keçiriləcək Avropa çempionatına 2 yer əldə etmişik. Ötən dəfə isə yalnız Aliyə Qarayeva çıxış edirdi. Mən bunun üçün çox xoşbəxtəm”.

Mənbə: agf.az