20:02 05-06-2013
news_image
1049
DÖYÜŞ NÖVLƏRİ

Avropa çempionatında 3 medal!

Belarusun paytaxtı Minskdə keçirilən boks üzrə Avropa çempionatı davam edir. Apasport.az saytının məlumatına görə, yarışda boksçularımız üç bürünc medalı özlərinə təmin ediblər.

Belə ki, 49 kq çəki dərəcəsində mübarizə aparan Salman Əlizadə 1/4 final səddini uğurla keçib. O, Gürcüstan idmançısı Dato Nanava ilə görüşdən qalib ayrılıb. Hər 3 raund eyni hesabla yekunlaşıb – 28:28. Əlizadə növbəti mərhələdə irlandiyalı boksçu Patrik Barneslə üz-üzə gələcək.

91 kq-dan yuxarı çəkidə yer alan Məhəmmədrəsul Məcidovdur ¼ finalda rumıniyalı boksçu Mihay Nistora üzərində tam üstünlüklə qalib gələrək, yarımfinala vəsiqə qazanıb. Burada isə onun rəqibi Belarus təmsilçisi Viktor Zuyev olacaq.

Teymur Məmmədov isə ¼ finalda irlandiyalı idmançı Tomas Makkartni məğlub edib. Görüşdə hər üç hakim təmsilçimizin qələbəsini qeydə alıb – 29:28, 29:28, 29:28. Məmmədov yarımfinalda ukraynalı boksçu Denis Poyatsk ilə qarşılaşacaq.

Lakin ¼ finaldakı növbəti boksçumuz Samir Məmmədov (56 kq) ermənistanlı Aram Avaqyana uduzub. Birinci və üçüncü raundlarda Avaqyan 29:28, ikincidə isə Məmmədov 30:27 hesabı ilə üstün olub. Digər boksçumuz Heybətulla Hacıəliyev (64 kq) də ¼ finalda mübarizəni dayandırıb.

Qeyd edək ki, qaydalara əsasən, yarımfinala yüksələnlər ən azı bürünc medalı təmin edirlər. ¼ finalda daha 6 boksçumuz döyüşə çıxacaqlar.