17:33 10-06-2013
news_image

Dünya çempionatında 15 idmançıya 12 medal

İsveçrənin Lozanna şəhərində keçirilən parataekvondo üzrə lV dünya çempionatı başa çatıb. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, mundial Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, yarışa baş məşqçi Əvəz Tağıyevin rəhbərliyi altında 15 idmançı ilə qatılan seçmə yığmamız vətənə 12 medalla dönüb. Ötən ilin dünya çempionatın qalibi olan Vüsal İsmayılov (+80 kq) və Röyalə Fətəliyeva (49 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsün ən yüksək pilləsinə qalxıblar.

Onlardan fərqli, yalnız həlledici görüşdə uduzan Namiq Abbasov (58 kq), Anar Hüseynov (68 kq), Cahangir Bayramov (+80 kq), Rövşən Qəhrəmanlı (58 kq), Əbülfəz Abuzərli (58 kq) və Bahar Şıxəliyeva (49 kq) gümüş medalla kifayətləniblər. Komandanın digər üzvlərindən Emin Nüsrəddinov (58 kq), Aleksandr Poluşuk (80 kq), Rzayev Rövşən (80 kq), Vüqar Adışirinov (+80 kq) isə 3-cü yeri tutublar.

Millimiz komanda hesabında 2 qızıl, 6 gümüş və 4 bürünc medalla Rusiyadan sonra ikinci yeri tutub.

Qeyd edək ki, parataekvondoçular müxtəlif kateqoriyalar üzrə güclərini sınadıqlarından, eyni çəki dərəcəsində bir neçə yarış təşkil olunur.