18:01 11-06-2013
news_image
789
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Hər bir insanın gücü mənə əlavə stimul verəcək

“Xantı-Mansiykdə keçirilən dünya çempionatındakı qələbə mənimlə yanaşı, çoxsaylı şahmat azarkeşlərini də sevindirdi. Turnirdən sonra sosial şəbəkədə çoxlu sayda təbriklər oxudum. E-mail poçtuma və şəxsi telefonuma aldığım məktublar məni daha da həvəsləndirdi”. Apasport.az saytının məlumatına görə, bu fikirlər Rusiyanın Xantı-Mansiysk şəhərində sürətli şahmat üzrə dünya çempionatında qələbə qazanan azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarova məxsusdur. O, açıq məktubla çıxış edərək uğurun əldə olunmasında ona dəstək olan insanlara minnətdarlığını bildirib: “Gərgin məşqlər və ardıcıl yarışlar zamanı bizim qələbəmizi daim arzulayan şəxslərin olduğunu unuduruq. Halbuki, Azərbaycanda şahmat çox sevilir və hər bir yarışımız diqqətdə saxlanılır. Bu qədər təbrikdən sonra əminliklə deyə bilərəm ki, növbəti yarışlar zamanı hər bir insanın gücü mənə əlavə stimul verəcək”.

Şəhriyar qələbəni təkcə özünün deyil, bütün Azərbaycan şahmatının və idmanının uğuru olduğunu sözsüz sayır: “Əlbəttə ki, qələbədə dəyərli şahmat həvəskarlarının və azarkeşlərin də böyük payı var. Sürətli şahmat üzrə dünya çempionatındakı qələbəm gələcəkdə iştirak edəcəyim yarışlara daha yaxşı hazırlaşmağa kömək edəcək. Fikrimcə, ən əsası, bu turnirdə Azərbaycan təmsilçisinin uğur əldə etməsi oldu. Sonda Azərbaycan idmanı və şahmatı qazandı. Etiraf etməliyəm ki, uğurumda mənimlə çalışan hər bir kəsin rolu var”.

Qeyd edək ki, 20-dək ölkədən 58 şahmatçının qələbə uğrunda mübarizə apardığı yarışda Məmmədyarov 15 oyundan 11,5 xalla dünya çempionu adını qazanıb. Ötən il çempionatın qalibi rusiyalı Sergey Karyakin olub.